Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda 28 May – Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edib.
İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, o cümlədən Kraliçanın diplomatik korpus Marşalı Alistair Harrison və siyasi partiyalar birliyi “Socialist International”ın (Beynəlxalq Sosyalistlər) baş katibi Luis Ayala, Britaniya ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri də mərasimə qatılıblar.
Əvvəlcə azərbaycanlı skripkaçı Səbinə Rakçayeva ifasında Azərbaycanın və Britaniyanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Maykl Tethem, Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çavanşir Feyziyev tədbirdə çıxış ediblər.
Sonda tədbir iştirakçıları Azərbaycanın milli ornamentləri, suvenirləri ilə bəzədilmiş stendi ziyarət ediblər. Stenddə ölkəmizin iqtisadi, sosial inkişafı və turizm imkanlarından bəhs edən kitablar da nümayiş olunub. Bundan başqa, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, son illər əldə etdiyi sosial-iqtisadi nailiyyətlər barədə sənədli film nümayiş etdirilib.