Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (Universitetində) görkəmli dövlət xadimi və siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirə gecəsi keçirilib. Gecəni Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı təmsilçisi Leyla Əliyeva təşkil edib.
Rusiya və Azərbaycan ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri gecə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başlandı.
MDBMİ (U)-nun prorektoru İvan Tyulin gecənin məhz bu ali məktəbdə keçirilməsinin rəmzi məna daşıdığını vurğulayaraq bildirdi ki, Heydər Əliyev Moskvada işləyərkən onun inkişafına böyük diqqət yetirirdi. O Heydər Əliyevin xidmətlərini nəzərə alaraq, vaxtilə ona MDBMİ-nin Fəxri doktoru adının verildiyini xatırlatdı. İ.Tyulin Azərbaycan Prezidenti İlham Əliyevin MDBMİ-ni bitirdiyini yada salaraq hazırda burada Heydər Əliyevin nəvəsi Leyla Əliyevanın təhsil aldığını vurğulayıb: “Hazırda MDBMİ-də Azərbaycandan yüzdən çox gəncin təhsil aldığını qeyd etməyə bilmərəm. MDBMİ onlar üçün doğma evə çevrilib”.
Sonra söz Heydər Əliyev Fondunun nümayəndəsi Leyla Əliyevaya verildi. Leyla Əliyeva babasının həyat və fəaliyyətindən, onun Azərbaycanın müasir tarixindəki rolundan və şəxsən onun üçün necə böyük əhəmiyyət daşıdığından söhbət açdı. O vurğuladı ki, bu böyük İnsan müstəqil Azərbaycanın Prezidenti olarkən indiki müasir, güclü və iqtisadi baxımdan inkişaf etmiş ölkə üçün baza yaradıb: “Heydər Əliyev bu gün aramızda yoxdur, lakin onun bütün ömrünü həsr etdiyi işi yaşayır”.
Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətindən danışaraq bildirdi ki, üç il ərzində Fond ölkə əhalisinin bütün təbəqələrinin dəstəyini və etimadını qazanıb. Moskvada artıq Heydər Əliyev Fondunun nümayəndəliyi yaradılıb və o, Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmlənməsinə hər cür yardım göstərəcək: “Bu gün Heydər Əliyev haqqında təkcə siyasi xadim və ictimai lider kimi danışmaq mənim üçün bir qədər çətindir, çünki o, mənə doğma, yaxın və sevimli İnsan idi. Ürəyimi aça biləcəyim bir İnsan. O, həmişə məni dəstəkləyir, məsləhət verir, başa salır və sakitləşdirirdi. İşinin həddən artıq çoxluğuna, ağırlığına baxmayaraq, o, həmişə ailəsi üçün vaxt tapırdı. O, mənim babam, dostum, dəstəyim və dayağım idi. Mən onun yoxluğunu həmişə hiss edəcəyəm. Bəzən deyirlər ki, əvəzolunmaz adamlar yoxdur. Ancaq mən bu fikirlə razı deyiləm, o, əvəzolunmaz insan idi”.
Leyla Əliyeva öz çıxışını babasına həsr etdiyi şeir ilə bitirdi.
Sonra Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyətindən bəhs edən film göstərildi.
Gecədə çıxış edən Beynəlxalq Aviasiya Komitəsinin sədri Tatyana Anodina, tarixçi və tədqiqatçı, “Taleyin dolanbacları. Heydər Əliyev” kitabının müəllifi Nikolay Zenkeviç, Rusiya Federasiyasının YUNESKO-dakı komissiyasının sədri, senator Aleksandr Dzasoxov, Rusiya Dövlət Duması Mədəniyyət Komitəsinin sədri İosif Kobzon, Azərbaycanın RF-dəkı səfiri Polad Bülbüloğlu Heydər Əliyev şəxsiyyətinin miqyasından və onun ölkələrimizin ən yeni tarixindəki misilsiz rolundan danışdılar.
Sonra təşkil edilmiş konsertdə İosif Kobzon, beynəlxalq müsabiqələr laureatı Elçin Əzizov, Azərbaycanın xalq artisti Murad Adıgözəlzadə çıxış etdilər.
MDBMİ-nin foyesində Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təşkil olunmuşdu.