Oktyabrın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə Abşeron rayonunun Masazır kəndində inşa olunan 4 nömrəli tam orta məktəbin açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva məktəbin açılışında iştirak ediblər.
Mehriban Əliyevanı və Leyla Əliyevanı şagirdlər qarşılayıblar.
Məktəbin tikintisinə 2015-ci ilin oktyabrında başlanılıb. Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa olunan təhsil ocağının həyətində geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.
Təhsil ocağı zəruri inventar və əyani vəsaitlərlə tam təchiz edilib. Burada ümumilikdə 36 sinif otağı var. Üçmərtəbəli 800 yerlik məktəbdə Azərbaycan və rus bölmələrində 646 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 38 müəllim məşğul olur.
Məktəbdə bufet və ümumi sahəsi 600 kvadratmetr olan idman zalı da yaradılıb. Təhsil ocağının 360 yerlik akt zalı müasir səviyyədə qurulub. Masazır kənd 4 nömrəli tam orta məktəbində müxtəlif fənn kabinetləri, o cümlədən hərbi, biologiya, fizika, informatika kabinetləri, kimya laboratoriyası və kitabxana fəaliyyət göstərəcək.
Qeyd edək ki, Heydər Əliyev Fondu təhsil sahəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələrini həyata keçirir. Bu layihələrin məqsədi ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, dövlətin təhsil siyasətinin həyata keçirilməsinə dəstək göstərməkdir. Son 11 ildə bu layihələr çərçivəsində ölkənin müxtəlif bölgələrində 420-dək məktəb binası inşa olunub və yenidən qurulub.
Sonda xatirə şəkli çəkdirilib.