Noyabrın 14-də Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərgi açılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərginin açılışında iştirak edib.
Heydər Əliyev Fondunun, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və “Mərcani” Fondunun dəstəyi ilə keçirilən sərginin ekspozisiyasına Tretyakov Qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində və “Mərcani” Fondunda saxlanılan əsərlər daxildir.
Sərgidə 12 Azərbaycan rəssamının - Nadir Əbdürrəhmanov, Kəmalə Əhmədova, Rasim Babayev, Səttar Bəhlulzadə, Tofiq Cavadov, Cavad Mircavadov, Mir Nadir Zeynalov, Əşrəf Murad, Toğrul Nərimanbəyov, Tahir Salahov, Fərhad Xəlilov və Qəyyur Yunusun 50-dən çox əsəri, Fazil Nəcəfovun 11 heykəltəraşlıq əsəri nümayiş etdirilir.
Sərgini Rusiya Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Trequlova açdı. O, sərginin yaradılması ideyasından danışaraq bildirib ki, bu, Moskvanın mədəni həyatında çox əlamətdar hadisədir. Bildirildi ki, bu əsərlərin hər biri Abşeronun gözəlliyini, Odlar Yurdunun füsunkarlığını nümayiş etdirir. Qalereyanın baş direktoru, həmçinin vurğuladı ki, Bakı həm də maraqlı mədəniyyət mərkəzidir. Burada gözəl muzeylər və müasir incəsənət mərkəzləri var. Bakıda çevik incəsənət mühiti hökm sürür.
Mehriban Əliyeva mərasimdə çıxış etdi.
Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa Qolodets çıxış edərək bütövlükdə Azərbaycan mədəniyyətinə qayğıkeş və peşəkar münasibətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür etdi. O. Qolodets dedi: “Mənə lap yaxın vaxtlarda Bakıda olmaq xoşbəxtliyi nəsib olub. Bakı tarixi kökləri və tarixi ənənələri əziz tutan, inkişaf etməkdə olan müasir şəhərdir”. O, Rusiya-Azərbaycan münasibətlərindən söhbət açaraq vurğuladı ki, bu münasibətlər qədim, çoxəsrlik dostluğa əsaslanır və gələcəyə istiqamətlənir.
Rusiya hökuməti sədrinin müavini sərgiyə uğurlar arzulayaraq dedi: “Siz bu gün görəcəyiniz hər bir əsərdə Azərbaycanın hərarətini, onun rənglərini, koloritini duyacaqsınız”.
Rusiyanın mədəniyyət naziri Vladimir Medinski bu sərginin təşkilinə görə Heydər Əliyev Fonduna və “Mərcani” Fonduna təşəkkür etdi. Nazir bildirdi ki, Abşeron xüsusi yaradıcı energetikaya malikdir. V. Medinski dedi: “Oraya yolu düşən insan dərhal yaradıcılıqla məşğul olmaq istəyir”.
“Mərcani” Fondunun prezidenti Rüstəm Süleymanov ümidvar olduğunu bildirdi ki, “Abşeron ulduzları” layihəsinin böyük gələcəyi var. O qeyd etdi ki, sərginin məhz Tretyakov Qalereyasında təşkil edilməsi bu ekspozisiyada təmsil olunmuş hər bir əsərin keyfiyyət nişanına uyğun olmasına dəlalət edir.
“Abşeron ulduzları” sərgisinə Azərbaycan rəssamlarının Tretyakov Qalereyasının kolleksiyasında saxlanılan ən yaxşı əsərləri daxildir. Lakin bu sərginin təşkilatçıları qismində çıxış etmiş Heydər Əliyev Fondu və “Mərcani” Fondu ilə əməkdaşlıq olmadan sərginin nümayiş etdirilməsi mümkün olmazdı.
“Abşeron məktəbi”nin lideri Cavad Mircavadov öz üslubunda obrazların ekspressiyasını, arxaik sadəliyi və brutallığı birləşdirib. Əşrəf Murad mövzu seçiminə və əsərlərinin dərin dramatizminə görə müasirlərindən fərqlənirdi. Rasim Babayevin və Tofiq Cavadovun işlərində sənaye mövzusu əks olunub. Səttar Bəhlulzadə Abşerona dərindən bağlı idi – onun əsərlərində yaradılan dünya nağıla oxşayır. Fazil Nəcəfovun heykəltəraşlıq əsərlərində köhnə Bakı və sanki uzaq keçmişdən gəlmiş obrazlar canlanır. Bu əsərlər üçün material kimi yerli Abşeron əhəngdaşından istifadə edilib. Tahir Salahovun teatr eskizləri onun yaradıcılığının bir cəhəti barədə söhbət açır.
Azərbaycan məktəbinin bənzərsizliyini nümayiş etdirən bu sərgi həm də ümumdünya bədii prosesin bir hissəsi olan Azərbaycan incəsənətinin əhəmiyyətinə dəlalət edir.
Sərgi 2017-ci il fevralın 26-dək davam edəcək.