Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə 28 May-Respublika gününə həsr edilmiş mərasim keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Yakovenko, Rusiya Federal Məclisinin və Dövlət Dumasının üzvləri, ictimai-siyasi xadimlər, xarici ölkələrin Rusiyadakı səfirləri iştirak ediblər.
Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib. Bu münasibətlərin kökündə iki xalqın tarixi dostluğu və möhkəm qonşuluq əlaqələrinin dayandığını deyən səfir ölkəmizin müstəqillik tarixində Azərbaycan-Rusiya münasibətlərinin mühüm əhəmiyyətini qeyd edib. O, iki ölkə arasında inkişaf edən əlaqələrin qarşılıqlı anlaşmaya və etimada söykəndiyini diqqətə çatdırıb, bu münasibətlərin inkişafında hər iki ölkənin dövlət başçılarının xüsusi rolunu vurğulayıb. P.Bülbüloğlu bildirib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Rusiyanın o vaxtkı Prezidenti Vladimir Putin tərəfindən əsası qoyulmuş əməkdaşlıq bu gün yeni müstəvidə Prezident İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən davam etdirilir.
Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Yakovenko isə bayram münasibətilə Azərbaycan xalqını təbrik edib, Rusiyanın Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduğunu, bu əlaqələrə böyük dəyər verdiyini söyləyib. O, iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Respublika gününə həsr edilən tədbirdə Azərbaycan və Rusiya incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.