IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi olub
22/05/2017

Mayın 22-də Bakı Olimpiya Stadionunda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib.

“Bakı-2017”də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci olub. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səslənib, dövlət bayrağı 162 dəfə qaldırılıb.

Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasseri hərarətlə salamlayıblar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib.

Sonra İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser çıxış edib.

Monitorlarda 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərindən görüntülərin, idman qurğularının əks olunduğu videoçarx nümayiş etdirilib.

Faisal Abdulaziz Al-Nasser bayrağı Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, “İstanbul-2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edib.

Türkiyənin dövlət himni – “İstiqlal marşı” səsləndirilib və Azərbaycan bayrağının yanında qardaş ölkənin bayrağı qaldırılıb.

Bağlanış mərasimi “Birlik” adlı konsertlə davam edib.

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi Bakı Olimpiya Stadionunun üzərində möhtəşəm atəşfəşanlıqla başa çatıb.