Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula-1 Azərbaycan Qran-Prisi iyunun 25-də uğurla başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsinin - Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıblar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olublar.
Formula-1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında möhtəşəm açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin ifasından sonra Formula-1 Azərbaycan Qran-Prisinə start verilib.
Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Pilotlar 20 çətin döngəsi olan trekdə 51 dövrə vurublar. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edib.
Bakıda Formula-1 Azərbaycan Qran-Prisinə iyunun 23-də start verilib. Yarışın birinci günündə pilotlar Bakı şəhər halqasında iki sərbəst yürüşdə güclərini sınayıblar. İlk sərbəst yürüşdə “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen birinci olub.
İyunun 24-də Formula-1 azarkeşləri Azərbaycan Qran-Prisinin ikinci günündə də maraqlı idman mübarizəsinin şahidi olublar. Bu turdan sonra Formula-1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib.
Formula-1 Azərbaycan Qran-Prisinin qalibi “Red Bull Racing” komandasının üzvü Daniel Rikkiardo olub. Pilot məsafəni 2 saat 3 dəqiqə 55 saniyəyə qət edib. İkinci yerə “Mercedes” komandasının üzvü Valtteri Bottas çıxıb. Üçüncü yerdə isə “Williams” komandasının pilotu kanadalı Lans Strol qərarlaşıb. Konstruktorlar kubokunun sahibi isə “Red Bull Racing” komandası olub.
Qalibin şərəfinə Avstriyanın və Avstraliyanın dövlət himnləri səsləndirilib.
Sonra qaliblərə mükafatlar təqdim olunub.
Formula-1 Azərbaycan Qran-Prisinin çempionu Daniel Rikkiardoya kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.
Konstruktorlar kubokunu “Red Bull Racing” komandasının nümayəndəsinə Mehriban Əliyeva təqdim edib.
İkinci yerin sahibi “Mercedes”in pilotu Valtteri Bottasa kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Williams”ın sürücüsü Lans Strola isə mükafatı Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.