Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Sentyabrın 19-da Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Ümumi müzakirələrin açılışında çıxış edən BMT-nin Baş katibi Antonio Quttereş hazırda dünyada bir çox problemlərin olduğunu vurğulayıb, ölkələr arasında etibar və etimadın aşağı düşdüyünü bildirib. Qaçqınların sayının artması, miqrasiyanın çağırışları, insan alveri, iqlim dəyişikliyi və digər mövcud qlobal problemlərə toxunan BMT-nin Baş katibi yalnız birlikdə sülhə nail olmaq və qarşılıqlı etimadı bərpa etməyin mümkün olduğunu söyləyib.
BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak dünyada davam edən münaqişələrin ən çox sadə insanlara ziyan vurduğunu deyib. O, yoxsulluq, iqlim dəyişikliyi, beynəlxalq terrorizmin çağırışları ilə bağlı fikirlərini bölüşüb, bu problemlərin insanların həyatına birbaşa təsir etdiyini vurğulayıb. Miroslav Layçak qeyd edib ki, sülhün təmin edilməsi və müharibələrin qarşısının alınması BMT-nin fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır.
Sonra Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temer müzakirə olunan mövzularla bağlı fikirlərini bölüşüb.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp BMT-nin fəaliyyətinin daha da səmərəli olmasının vacibliyinə toxunub. O vurğulayıb ki, dövlətlər xalqların maraqlarını və gələcəyini müdafiə etməlidir. ABŞ Prezidenti deyib ki, biz birlikdə çalışmalıyıq və təhdidlərə qarşı bir olmalıyıq. Donald Tramp Türkiyə, İordaniya və Livana Suriyadan olan qaçqınları qəbul etdiklərinə görə minnətdarlığını da bildirib.