Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Oktyabrın 19-da Bakıda “İnnovasiya ekosisteminin qurulması” adlı seminar başlayıb.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Milli Məclisin deputatları, dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak ediblər.
Seminarın keçirilməsində məqsəd müvafiq dövlət və özəl qurumların birgə innovasiya ekosisteminin təşəkkülü ilə bağlı fəaliyyət planının hazırlanmasına dəstək verməkdir.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov insan kapitalının inkişaf etdirilməsi sahəsində dünyanın qabaqcıl təhsil ocaqlarından olan Berkli Kaliforniya, Stenford universitetləri, “Global Innovation Catalyst” şirkəti ilə əməkdaşlığın ölkəmizin ali təhsil sistemi üçün yeni imkanlar yaradacağını bildirib. Prezident İlham Əliyevin təsdiq etdiyi iqtisadiyyatın inkişafı üzrə Strateji Yol xəritələrinin və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədlərindən biri kimi insan kapitalının vacibliyini vurğulayan təhsil naziri bu tədbirin gələcəyə baxış strategiyaları ilə innovasiyaların inkişafına xidmət edəcəyini diqqətə çatdırıb.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxışında Prezident İlham Əliyevin informasiya-kommunikasiya texnologiyalarının inkişafını hər zaman diqqət mərkəzində saxladığını qeyd edib. İqtisadiyyatın hərtərəfli inkişafının təmini, o cümlədən yüksək texnologiyaların dinamik inkişafı istiqamətində dövlət tərəfindən bir sıra uğurlara nail olunduğunu söyləyib.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova isə çıxışında diqqəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlara yönəldib.
Çıxışlardan sonra “Global Innovation Catalyst” şirkətinin təsisçisi və sədri Kamran Elahianın “Qazıntı iqtisadiyyatından innovativ iqtisadiyyata” mövzusunda təqdimatı olub.
Sonra Berkli Kaliforniya Universitetinin professoru Qreqori LaBlank “Startap ekosistemi: Silikon Vadisinin əsasları və hökumətin rolu” mövzusunda seminar keçib.
Üç gün davam edəcək seminarda iştirakçılar sahibkarlıq ekosisteminin transformasiyası əsasında bilik əsaslı və innovativ iqtisadiyyatın qurulmasına dair üçillik fəaliyyət planı hazırlayacaqlar. Seminar çərçivəsində vençur maliyyəsi, sahibkarlıq təhsili və mədəniyyəti mövzusunda təlim və müzakirələr, vençur investorların panel müzakirəsi təşkil olunacaq.
Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat Nazirliyi, Bakı Mühəndislik Universiteti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan tədbir çərçivəsində Leyla Əliyeva seminar iştirakçıları ilə görüşüb.