Noyabrın 7-də Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubiley gecəsi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yubiley gecəsində iştirak edib.
Tədbir Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixli Sərəncamına uyğun olaraq təşkil edilib.
Mərasimdən əvvəl Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Tofiq Quliyevin Azərbaycan musiqi mədəniyyətinə töhfələri barədə fikirlərini jurnalistlərlə bölüşüblər. Vurğulanıb ki, Tofiq Quliyevin mahnıları hər gün səslənir və onları eşidəndə, adama elə gəlir ki, bəstəkarla söhbət edirik. Onun əsərləri həm Rəşid Behbudov, Şövkət Ələkbərova kimi korifey sənətkarların, həm də bu gün gənc müğənnilərin ifasında gözəl səslənir. Nə qədər ki, Azərbaycan var, Tofiq Quliyevin əsərləri də bir o qədər yaşayacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondu yubileylə əlaqədar Xalq artisti Tofiq Quliyevin yaradıcılığına həsr olunan “Musiqidə döyünən ürək” adlı multimedia toplusu hazırlayıb.
Yubiley gecəsindən əvvəl Heydər Əliyev Mərkəzinin foyesində multimedia toplusunun təqdimat mərasimi keçirilib. Layihənin rəhbəri, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov topluda Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında əvəzsiz xidmətləri olan Tofiq Quliyevin yaradıcılığının geniş təhlil edildiyini və bəstəkar haqqında görkəmli şəxsiyyətlərin fikirlərinin, xatirələrinin yer aldığını bildirib. “Biz artıq iki ilə yaxındır ki, Tofiq Quliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşırdıq və nəticə etibarilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə çox gözəl bir layihə ərsəyə gəldi”, - deyən Anar Ələkbərov layihənin reallaşması üçün böyük işçi qrupunun yaradıldığını diqqətə çatdırıb.
Layihənin rəhbəri A.Ələkbərov göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Təqdimat mərasimində məlumat verilib ki, şəxsi və dövlət arxivlərinin materialları əsasında hazırlanan toplu Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında kitab-albomdan, bəstəkarın bədii filmlər üçün mahnıları, fortepiano üçün əsərləri, indiyədək səslənməmiş simfonik orkestr üçün əsərlərindən ibarət dörd cildlik not kitabları, 212 əsəri özündə cəmləşdirən fleş-kart dəstindən ibarətdir.
Vurğulanıb ki, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında əvəzsiz xidmətləri olan, milli musiqi tariximizdə xüsusi yer tutan bəstəkar, Azərbaycan estrada və cazının klassiki, Xalq artisti Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Heydər Əliyev Fondu tərəfindən çoxsaylı işlər görülüb. İlk növbədə, Bakı şəhərinin bütün arxivlərindən və bəstəkarın şəxsi arxivindən bütün not əlyazmaları toplanıb, köhnə babin lentlərdəki musiqi yazılarının elektron versiyası hazırlanıb və ilk dəfə olaraq toplu şəkildə buraxılıb. Multimedia toplusuna bəstəkarın müxtəlif dövrlərdə və müxtəlif mövzularda bəstələdiyi mahnılar, simfonik orkestr, fortepiano üçün əsərləri, kinofilmlərə yazdığı mahnılar, o cümlədən bəstəkarın ifasında müəllif əsərləri daxil edilib. Topluda Tofiq Quliyevin həyat və yaradıcılığının müxtəlif mərhələlərinə aid fotolar, görkəmli şəxsiyyətlərin, tanınmış söz adamlarının bəstəkar haqqında söylədiyi fikirlər, xatirələr, habelə ilk dəfə olaraq, onun indiyədək səslənməmiş, simfonik orkestr və kamera-instrumental əsərləri, bu günədək nota alınmamış 30-dan çox mahnısının audioyazısı yer alıb. Eləcə də kinofilmlərdə olan mahnıların not yazıları da topluda öz əksini tapıb. Elektron daşıyıcılarda Tofiq Quliyevin müxtəlif əsərləri 10 tematik mövzu üzrə qruplaşdırılıb. Bu sıraya Vətən, məhəbbət haqqında mahnılar, həmçinin kinofilmlərə yazılmış mahnılar, instrumental əsərlər, caz improvizasiyaları, bəstəkarın royalda olan ifaları və estrada miniatürləri, rəqs ritmləri və s. daxildir.
Bu toplu Tofiq Quliyevin zəngin irsinin öyrənilməsi, milli mədəni dəyərlərimizin qorunub saxlanması, təbliği və gələcək nəsillərə ötürülməsi işinə töhfə olacaq.
Daha sonra Heydər Əliyev Mərkəzinin Auditorium zalında təntənəli mərasim başlayıb. Əvvəlcə bəstəkarın oğlu, kinorejissor və ssenarist, Xalq Artisti Eldar Quliyev və qızı, yubiley konsertinin bədii rəhbəri Lalə Quliyeva çıxış edib.
Eldar Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya tədbirin təşkilinə görə minnətdarlığını bildirib. O, ulu öndər Heydər Əliyevin Tofiq Quliyevin yaradıcılıq gecəsində söylədiyi “Biz hamımız gedəcəyik, heç kəs qalmayacaq. Lakin illər keçəcək, yüzillər keçəcək, Tofiq Quliyevin musiqisi yaşayacaq” sözlərini xatırladıb.
Lalə Quliyeva layihənin ərsəyə gəlməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edərək deyib: “Layihə Heydər Əliyev Fondunun dəqiq və savadlı işi nəticəsində möhtəşəm alınıb”. O, həmçinin layihənin rəhbəri Anar Ələkbərova ideya yaranandan başlayaraq son məşqlərə qədər bütün işlərə diqqətlə yanaşmasına görə təşəkkürünü bildirib.
Çıxışlardan sonra Tofiq Quliyevin ömür yolundan və yaradıcılığından bəhs edən qısametrajlı sənədli film nümayiş etdirilib.
Filmdə Tofiq Quliyevin Azərbaycan musiqisindəki əvəzolunmaz rolundan, 200-dən çox bir-birindən gözəl və yaddaqalan mahnıların müəllifi olmasından, 40-dan çox kinofilmə musiqi bəstələməsindən bəhs edilir. Onun geniş yaradıcılığının yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşmadığı, eyni zamanda, gözəl pianoçu, dirijor, pedaqoq, Azərbaycan estrada və caz musiqisinin banilərindən biri olduğu qeyd edilir. Sənədli filmdə ümummilli lider Heydər Əliyevin, bəstəkarın sənət dostlarının, görkəmli musiqiçilərin Tofiq Quliyev haqqında fikirləri yer alıb.
Konsert proqramında bəstəkarın müəllifi olduğu mahnılar, kinofimlərə yazdığı instrumental musiqilər, caz musiqiləri, simfonik orkestr üçün əsərləri ifa olunub. Yubiley gecəsində Tofiq Quliyevin məşhur, dillər əzbəri olan mahnıları ilə yanaşı, uzun müddətdir səslənməyən kompozisiyaları da təqdim edilib.
Konsertdə Xalq artistləri Fidan və Xuraman Qasımovalar, Azər Zeynalov, Samir Cəfərov, Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Əməkdar artistlər Aygün Bəylər, Azərin, Tünzalə Ağayeva, Sərxan Sərxan, İlqar Muradov, Emil Əfrasiyab, Elçin Əzizov, İsfar Sarabski, rusiyalı vokalçı Yana Melikayeva, tarzənlər – Əməkdar artist Sahib Paşazadə, Şəhriyar İmanov, nağara ifaçısı Emin Cəbrayılov, skripkaçılar Elvin Qəniyev, Ceyla Seyidova, həmçinin Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, “Qaya” ansamblı, “Natiq” ritm qrupu və “Qaytağı” qrupu çıxış ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bəstəkarın oğlu, Xalq artisti Eldar Quliyev və qızı Lalə Quliyeva ilə görüşüb. Leyla Əliyeva yubiley gecəsinin yüksək səviyyədə təşkil edildiyini, gecədə səslənən əsərlərin Tofiq Quliyevin yaradıcılığının parlaq nümunələri olduğunu, bu əsərlərin hamı tərəfindən sevildiyini deyib. Bildirib ki, yubiley gecəsindəki ab-havadan həm babası, ulu öndər Heydər Əliyev, həm də bəstəkarın özü məmnun qalardı. Tofiq Quliyevin övladları yubiley gecəsinin təşkilində Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyini yüksək qiymətləndiriblər və minnətdarlıqlarını ifadə ediblər.