Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən tədbir keçirilib
25/12/2017

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən tədbir keçirilib.

Tədbirdə Rusiyanın və Azərbaycanın gənclər birliklərinin nümayəndələri və rəsmi qonaqlar iştirak ediblər.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Emin Hacıyev Leyla Əliyevanın adından qonaqları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, təşkilatın 2017-ci ildə fəaliyyəti barədə məlumat verib.

Emin Hacıyev qeyd edib ki, başa çatmaqda olan il RAGB üçün uğurlu olub. Leyla Əliyevanın rəhbərliyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi bir sıra yeni layihələr həyata keçirib, Rusiyanın bir çox ictimai birlikləri və ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlığı davam etdirib. E.Hacıyev Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclər adından Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Rusiyadakı Azərbaycan icması adından çıxış edən akademik Fazil Qurbanov Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsində, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərin reallaşdırılmasında xidmətlərindən danışıb, azərbaycanlı gənclərin Rusiya ictimaiyyətinə inteqrasiya etməsinin vacibliyini vurğulayıb.

Qeyd edib ki, RAGB fəallarının hər bir təşəbbüsü Rusiyadakı Azərbaycan diasporunun möhkəmlənməsinə və birləşməsinə töhfə verir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum Azərbaycanın son illər qazandığı uğurlardan söz açıb, Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığa böyük töhfələr verən RAGB-ın fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra Moskvada keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edən bir qrup RAGB fəalına fəxri fərmanlar təqdim edilib.

Bayram tədbiri milli musiqi və rəqslərdən ibarət konsert proqramı ilə davam edib.