Leyla Əliyeva “Xocalı 613” adlı klassik musiqi gecəsində iştirak edib

Video

Leyla Əliyeva “Xocalı 613” adlı klassik musiqi gecəsində iştirak edib

Leyla Əliyeva “Xocalı 613” adlı klassik musiqi gecəsində iştirak edib
26/02/2018

Fevralın 26-da Heydər Əliyev Mərkəzində “Xocalı 613” adlı klassik musiqi gecəsi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Leyla Əliyeva əvvəlcə Mərkəzin foyesində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi ilə tanış olub.

Sərgidə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımını, bu faciənin miqyasını əks etdirən fotolar yer alıb.

 

Xocalı qətliamı kimi faciələrin bir daha törədilməməsinə çağırış edən simfonik poema

Xocalı soyqırımına həsr olunan musiqi gecəsində Azərbaycan və dünya bəstəkarlarının klassik əsərləri, eləcə də fransız bəstəkar Pyer Tiloyun (Pierre Thilloy) “Xocalı 613” simfonik poeması təqdim edilib. Solistlər Şükür Səmədov (klarnet) və Səbinə Rakçeyeva (skripka) olub.

Musiqi gecəsində Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrin ifasında görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Qara Qarayevin “Matəm odası”, “Don Kixot” simfonik qravürlərindən “Səyahət” fraqmenti, Asəf Zeynallının “Muğamsayağı” (skripkada Ceyla Seyidovanın solistliyi ilə), amerikalı bəstəkar Samuel Barberin “Adajio” əsərləri səsləndirilib.

Pyer Tiloyun “Xocalı 613” simfonik poeması Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilmiş 613 mülki azərbaycanlının xatirəsinə ithaf olunub. Əsər qərb klassik musiqisi və “Laçın”, “Sarı gəlin” mahnıları da daxil olmaqla Azərbaycan xalq musiqilərini özündə birləşdirir, marş ritmləri, əsgər yürüşü və pulemyot atəşi səslərinin sintezi ilə Xocalı faciəsinin dəhşətlərini çatdırır. “Xocalı 613” simfonik poeması sülhə və Xocalı qətliamı kimi faciələrin bir daha törədilməməsinə çağırış ifadə edir.

 

Pyer Tiloy: İnsan dostlarının həm sevincini, həm kədərini bölüşür

Qeyd edək ki, musiqi gecəsindən əvvəl Pyer Tiloy simfonik poeması ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb: “Xocalı 613” mənə ən uyğun əsər adı kimi göründü. Çünki Xocalı şəhərin adı, 613 isə qurbanların sayıdır”. Azərbaycana 20 ildir gəlib-getdiyini bildirən bəstəkar bu mövzuya təsadüfi müraciət etmədiyini söyləyib. “Ölkənizlə yaxından maraqlanıram və Azərbaycanda dostlarımın sayı get-gedə çoxalır. İnsan dostlarının həm sevincini, həm də kədərini bölüşür, onların kədərini özündə daşıyır. Hər zaman azərbaycanlı dostlarım mənimlə Xocalı barədə düşüncələrini bölüşəndə öz-özümdən soruşurdum ki, nə edə bilərəm. Bilirdim ki, Avropa musiqi mühitində bu mövzu, demək olar ki, heç tanınmır, Xocalı barədə məlumat çox azdır. Düşündüm ki, musiqi ən uyğun yoldur”, - Pyer Tiloy deyib.

Azərbaycanla bağlı digər əsərlərinin olduğunu qeyd edən bəstəkar onların sırasında müharibə mövzusunu, eləcə də Azərbaycanın müharibə ilə bağlı çətinliklərini əks etdirən “Cəhənnəmin göz yaşları” əsərini, habelə “Yanardağ” əsərini diqqətə çatdırıb, bu istiqamətdə yaradıcılığını davam etdirəcəyini deyib.

Bəstəkar Xocalı soyqırımı barədə məlumat alarkən təsirləndiyini və bu faciəyə əsər həsr etmək qərarına gəldiyini bildirib: “Mən Azərbaycana ilk səfərlərimin birində fotosərgidə iştirak etdim və orada balaca bir uşaq şəkli gördüm. Onun kim olduğunu soruşduqda həmin uşağın məcburi köçkün olduğunu dedilər. Mən o zaman məcburi köçkünləri olan bir ölkəyə səfər etdiyimi başa düşdüm. Ondan sonra araşdırmaya başladım, bu müharibə haqda bir çox məlumatlar əldə etdim. 1992-ci ildə mənim 22 yaşım vardı, beynəlxalq siyasətlə maraqlanırdım, amma Xocalı soyqırımı haqqında heç nə eşitməmişdim. Fikirləşdim ki, belə qətliamın üzərindən sükutla keçilməsi ədalətsizlik olar və bu barədə əsər yazmağı qərarlaşdırdım”.

Xatırladaq ki, “Xocalı 613” əsərinin premyerası 2013-cü il fevralın 21-də Parisdə olub. Daha sonra əsər London, Müluz, Strasburq, Ruan, Kolmar, Brüssel, Afina, Vilnüs, Bern, Cenevrə, Dublin, Oslo və digər şəhərlərdə təqdim edilib.

Heydər Əliyev Mərkəzində səsləndirilən klassik musiqini dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və ictimai xadimlər, Xocalı şahidləri dinləyiblər.