Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) II konfransı keçirilib. Konfrans təşkilatın birillik fəaliyyətinə yekun vurub, onun inkişaf perspektivlərini müəyyən edib.
Tədbirin əvvəlində RAGT-ın fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib.
RAGT sədri Leyla Əliyeva tədbiri giriş sözü ilə açaraq gənclərə uğurlu fəaliyyətlərinə görə təşəkkür edib: “Real işlər, gerçəkləşdirilmiş ideyalar, əldə edilmiş məqsədlər bunu inamla söyləməyə əsas verir ki, RAGT uğurlu qurumdur. Bu gün RAGT Azərbaycan gənclərinin ölkə hüdudlarından kənarda yaradılmış ən fəal təşkilatıdır. İl ərzində təşkilatın iştirakçılarının sayı bir neçə dəfə artmışdır. Əminəm ki, bu sözləri bizim həmfikirlərimizin sayı barədə də deyə bilərik. Təşkilatın bölmələrinin sayı artıq 60-dan çoxdur. Regional bölmələr fəallıq baxımından mərkəzdən geri qalmır. Ötən bir ildə biz təkcə Moskvada və Bakıda deyil, Sankt-Peterburq, Tver, İvanovo, Smolensk, Murmansk və Yekaterinburq şəhərlərində də çoxlu tədbirlər, görüşlər, aksiyalar keçirmişik.
Biz fəaliyyətimizin lap əvvəlindən öz işimizi elə qurmağa çalışmışıq ki, o, mümkün qədər çox və müxtəlif sahə və istiqamətləri əhatə etsin. Mədəniyyətlərarası dialoqun genişləndirilməsi, Azərbaycanın zəngin mədəni və tarixi irsinin təbliğ edilməsi, müasir Azərbaycan reallıqlarının Rusiya cəmiyyətinə çatdırılması, humanitar və sosial sahə, eləcə də elm və təhsil məsələləri fəaliyyətimizin prioritet istiqamətləridir. Əlbəttə, Rusiya Federasiyasında yaşayan və təhsil alan vətəndaşlarımız barədə qayğı da diqqət mərkəzindədir”.
Leyla Əliyeva təşkilatın fəaliyyətinin yekunların haqda da danışıb: “Heydər Əliyev Fondu ilə birlikdə “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının keçirilməsi fəaliyyətimizin ən mühüm tərkib hissələrindən biridir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində 70 aksiya keçirilmişdir. Kampaniyanın məqsədi 1992-ci ilin fevral hadisələri barədə informasiyanı dünyanın bütün qitələrinin sakinlərinə çatdırmaqdır. Xocalı bizim ağrılı yerimizdir və dünya birliyinin bu faciədən, bütövlükdə Ermənistan-Azərbaycan münaqişəsindən xəbər tutması çox vacibdir. Biz həmin münaqişə ədalətli həllini tapana, Azərbaycanın ərazi bütövlüyü bərpa edilənə qədər bu istiqamətdə irəliləməkdə davam edəcəyik. Hesab edirəm ki, mədəniyyət hər bir dialoqun universal açarıdır. Biz Moskvada və Rusiyanın digər şəhərlərində Azərbaycan mədəniyyəti günləri və həftələri keçirmişik, musiqi gecələri, fotosərgilər, filmlərə baxışlar təşkil etmişik. Bu istiqamətdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcək, Azərbaycanın zəngin mədəniyyətini layiqincə təmsil edəcəyik. Humanitar və sosial sahələrdə də böyük iş görülmüş, ehtiyacı olanlara konkret kömək göstərilmiş, xüsusən uşaq evlərinin sakinlərinə və xəstəxanalarda müalicə alan uşaqlara qayğı göstərilmişdir. Xəstə uşaqlar üçün qanvermə üzrə dərin rəmzi məna daşıyan “Qanın milləti yoxdur” layihəsini xüsusi qeyd etmək istəyirəm. Bu onu göstərir ki, Azərbaycan və Rusiya gənclərinin həyati dəyərləri eynidir. RAGT-nin təşəbbüsü ilə tütünün və alkoqolun insan orqanizminə təsiri haqqında reklam-maarifçilik kampaniyası keçirilmişdir. “Sağlam olduğunu yəqin et!” və “Xəstəliyə yox de!” proqramları çərçivəsində Azərbaycandan olan yüzlərlə insan Moskvada pulsuz müayinə edilmişdir. Biz bu humanitar fəaliyyətimizi gələcəkdə daha da genişləndirmək, onu daha məzmunlu etmək fikrindəyik. İdmanda da paralq nəticələr əldə etmişik. 2009-cu ildən başlayaraq, Moskvada Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət 16 komandanın iştirakı ilə mini-futbol üzrə daimi çempionat keçirilir. Çox şadam ki, regionlar bu ideyanı nəinki dəstəkləmiş, hətta builki çempionatda 24 komanda iştirak etmişdir. Bu, bizim gənclərin idmana böyük maraq göstərməsini nümayiş etdirir. Bu yaxınlarda RAGT-nin rəsmi saytı yenilənmişdir. İndi bizim gənclər bir-biri ilə ünsiyyət saxlamaq, maraqlı məlumatları müzakirə etmək, müsabiqələrə qatılmaq imkanına malikdirlər. Qeyd etmək istəyirəm ki, bizim mətbu orqanımız – “RAGT” adlı yeni jurnalımız yaradılmışdır. Bu gün biz görülmüş işlərə yekun vuracaq, həmçinin gələcək fəaliyyətimizin strategiyasını müzakirə edəcəyik. Müxtəlif istiqamətlərdə fəaliyyətimizi genişləndirməyimiz çox vacibdir”.
Leyla Əliyeva Rusiyanın və Azərbaycanın İdman və Gənclər nazirliklərinə, Azərbaycanın RF-dəki səfirliyinə, Ümumrusiya Azərbaycanlılar Konqresinə, habelə volonter tələbələrə təşəkkür edib: “Biz, Azərbaycanın gənc nəsli dünyaya açıq gözlə baxmaq və daim Vətənimizi unutmamaq, köklərimizi və ənənələrimizi sevmək və qoruyub saxlamaq istəyirik. Biz eşitmək və eşidilmək istəyirik. Qarşıda görülməli işlərimiz çoxdur. Bizim ümumi uğurumuz həmin işlərin həyata keçirilməsindən asılıdır”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə RAGT-ın ciddi problemləri həll edən, mədəni və humanitar sahələri əhatə edən vahid və sıx birləşmiş gənclər təşkilatına çevrildiyini söyləyib. O, bütün bunların Azərbaycan gənclərinin lideri, Azərbaycan gənclərini sıx birləşdirmiş RAGT sədri Leyla Əliyevanın sayəsində mümkün olduğunu bildirib.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizin gənclər siyasəti barədə söhbət açıb. O, hesab edir ki, bu konfrans Azərbaycan gənclərinin inkişafına, onların Rusiya cəmiyyətinə inteqrasiyasına, habelə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə yeni təkan verəcək.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Elnur Aslanov da RAGT-ın qısa müddətdə həm Azərbaycanın, həm də Rusiyanın ictimai-siyasi həyatının mühüm tərkib hissəsinə çevrildiyini söyləyib: “RAGT-ın nüfuzu ilbəil artır, onun üzvlərinin sayı çoxalır, həll edilən və müzakirə olunan məsələlərin əhatə dairəsi genişlənir”. E.Aslanov bildirib ki, bu müddətdə RAGT yeni niyyətlərin, kreativ ideyaların ünsiyyətə və innovasiyalara meyilli gənclər arasında müzakirə edilməsi və həyata keçirilməsi üçün fəaliyyət meydanına çevrilib: “Bu gün Azərbaycan dinamik inkişaf edən dövlətdir. Azərbaycan gəncləri qarşısında yeni perspektivlər açılır. XXI əsr yeni təşəbbüslər dövrüdür və siz isbat etmisiniz ki, bizim gücümüz birliyimizdədir. Yalnız vahid məqsədlər naminə ümumi, həmrəy və sıx birləşmiş qüvvələr sayəsində zirvələrə çatmaq olar”.
Rusiya Gənclər və İdman Nazirliyinin gənclər siyasəti departamentinin nümayəndəsi İqor Melniçenko konfrans iştirakçılarına nazir Vitali Mutkonun salamlarını çatdırıb. O, RAGT-ın fəaliyyətini yüksək qiymətləndirib, qurumla əməkdaşlıq haqqında saziş imzalanmağa hazır olduqlarını, sənədin yaxın vaxtlarda imzalanacağını bildirib.
“Gənc qvardiya” ictimai təşkilatının sədri Ruslan Qattarov da azərbaycanlı gənclər təşkilatının ünvanına xoş sözlər deyib, əməkdaşlığın daha da fəallaşdırəlmasını təklif edib.
Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti Məmməd Əliyev rəhbərlik etdiyi konqresin RAGT-a çox böyük ümid bəslədiyini söyləyib. O, konqres adından Dünya Azərbaycanlılarının Gənclər Təşkilatının yaradılması təşəbbüsü ilə çıxış edib.
Sonra Moskvanın və regionların gənclər təşkilatlarından olan tələbələr çıxış edərək görülmüş işlər barədə məlumat veriblər. Rusiyanın 60 regionundan olan azərbaycanlı gənclərin adından çıxış edənlər bu gənclərin sıx birləşdirilməsinə və onların hər bir təşəbbüsünün dəstəklənməsinə görə, RAGT sədri Leyla Əliyevaya təşəkkür edib.
Konfransın rəsmi hissəsindən sonra forum öz işini təhsil, elm və mədəniyyət, sağlam həyat tərzi və idman, iqtisadiyyat, biznes və sahibkarlıq, beynəlxalq əməkdaşlıq, gənclər və KİV seksiyaları üzrə davam etdirib.
Konfransın yekun hissəsində RAGT sədri Leyla Əliyevanın hesabatı əsasında hazırlanmış Qətnamə seksiyalarda müzakirə olunaraq yekdilliklə qəbul edilib.
Leyla Əliyeva konfransa yekun vuraraq iştirakçılara, gənclərin nümayəndələrinə onların fəal mövqeyinə görə, həmçinin RAGT-ın fəaliyyətinə kömək edənlərin hamısına təşəkkürünü bildirib: “Bu gün biz görülmüş işlər və keçilmiş yol barədə danışdıq. Lakin hələ görüləsi işlərimiz çoxdur. Çünki bizim yeni məqsədlərimiz və imkanlarımız yaranmışdır. Bizi bir-birimizə bağlayan amillər çoxdur, ən başlıcası isə bizim bir üstünlüyümüz var – biz gəncik, bu isə o deməkdir ki, ehtiyacı olanlara kömək etməyə imkanımız vardır”. Leyla Əliyeva RAGT-ın hamı üçün açıq olduğunu deyib və bildirib ki, qurum istənilən təşəbbüsü dəstəkləməyə hazırdır. O, birlikdə daha böyük nəticələr və uğurlar qazanmağın mümkünlüyünə əmin olduğunu söyləyib.
Foyedə “Azərbaycan” fotosərgisi təşkil edilib. Burada Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar və hazırladığı disklər paylanılıb, Azərbaycan xalçaları nümayiş etdirilib.
Forumun sonunda Azərbaycanın və Rusiyanın estrada ulduzlarının iştirakı ilə qala-konsert olub.