Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Aprelin 29-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar.
Dövlətimizin başçısı və birinci xanım əvvəlcə yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula 1 rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Kompleksdə Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir.
Sonra pilotların paradı və himn mərasimi keçirilib.
Dövlət himninin ifa olunmasından sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verilib.
Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Gərgin idman mübarizəsi şəraitində keçən Qran-Prinin əsas mərhələsində 20 pilotdan 13-ü finiş xəttinə çata bilib. Azərbaycan Qran-Prisinin qalibi “Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton olub. Pilot məsafəni 1 saat 43 dəqiqə 44,291 saniyəyə başa vurub. “Ferrari”nin sürücüsü Kimi Raikkonen ikinci, “Force India” komandasının pilotu Serxio Peres isə üçüncü olublar.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Qran-Prinin qalibi Luis Hamiltona kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konstruktorlar kubokunu “Mercedes” komandasının nümayəndəsi Uilyam Qolbourna təqdim edib.
İkinci yerin sahibi, “Ferrari”nin sürücüsü Kimi Raikkonenə kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Force India” komandasının pilotu Serxio Peresə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Yarışın birinci günündə pilotlar 6 kilometrlik Bakı şəhər trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Yarışın üçüncü sərbəst yürüşü aprelin 28-də keçirilib. Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib.
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.