Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Dekabrın 3-də Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində olub.
Səfər çərçivəsində L.Əliyeva Rusiyanın Ural Federal Dairəsində –Sverdlovsk, Çelyabinsk və Tümen vilayətlərində RAGT-ın regional bölmərinin nümayəndələri ilə görüşüb.
Görüşü Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu Sultan Qasımov açıb. O, Heydər Əliyev Fondunun və onun Rusiyadakı nümayəndəliyinin ikitərəfli humanitar əməkdaşlığın genişlənməsinə yönəlmiş çoxşaxəli fəaliyyəti barədə məlumat verib. Sultan Qasımov Leyla Əliyevanın Yekaterinburqa səfərini bu şəhərin ictimai-siyasi həyatında mühüm hadisə adlandırıb. Diplomat təkcə Moskvada deyil, bütün Rusiyada azərbaycanlı gəncləri sıx birləşdirmiş RAGT-ın genişmiqyaslı fəaliyyətini də qeyd edib.
Sonra çıxış edən Leyla Əliyeva RAGT-ın fəaliyyəti, məqsədləri və yaxın perspektiv üçün vəzifələri barədə gənclərə məlumat verib, gənclər təşkilatı tərəfindən həyata keçirilmiş iri aksiyalar və tədbirlər barədə, birlikdə həyata keçirməli olan yeni layihələr haqqında söhbət açıb.
Leyla Əliyeva Yekaterinburqda azərbaycanlı tələbələrin də təhsil aldığı prestijli tədris müəssisələrinin çox olduğunu qeyd edib: “Burada gənclərlə əlaqədar çox maraqlı hadisələr baş verir, festivallar, konfranslar, konsertlər və digər tədbirlər keçirilir. Əminəm ki, bizim gənclər RAGT-nin dəstəyi ilə müxtəlif mədəni tədbirləri daha fəal həyata keçirəcək və Vətənimizi ləyaqətlə təmsil edə biləcəklər”. RAGT sədri xatırladıb ki, mayın 22-də təşkilatın yaradılmasının növbəti ildönümünə həsr edilmiş konfransa Moskva və Sankt-Peterburqla bərabər Arxangelsk, Tver, Vladivostok, Yekaterinburq və digər regionlardan da çoxlu tələbələr qatılıb: “RAGT-ın coğrafiyası daim genişlənir və bu, bizi sevindirir. Rusiyanın bir sıra tədris müəssisələrində azərbaycanlı gənclər klubları fəaliyyət göstərir və RAGT ilə birlikdə çoxlu mədəni tədbirlər – konsertlər, fotosərgilər, konfranslar, seminarlar, Azərbaycan Mədəniyyəti Günləri və Həftələri keçirilir”.
Leyla Əliyeva “Xocalıya Ədalət” adlı beynəlxalq kampaniyanı RAGT tərəfindən Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirilən ən mühüm aksiyalardan biri adlandırıb. Bu kampaniyada məqsədin Azərbaycanın bu şəhərinin sakinlərinə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırması olduğunu xatırladan Leyla Əliyevanın sözlərinə görə, RAGT gənclərin həyatının bütün sahələrini əhatə etməyə çalışır – idman tədbirləri, xeyriyyə aksiyaları keçirir, tələbələrimizin təhsil almasına kömək edir: “Bu yaxınlarda 18 tələbəyə “RAGT əlaçısı” mükafatı təqdim edilmişdir. Ümid edirəm ki, gələn il bu cür tələbələrin sayı daha çox olacaqdır”.
Leyla Əliyeva RAGT-ın saytının fəal işlədiyini, bu yaxınlarda yeniləşdirildiyini, tezliklə isə təşkilatın televiziyasının yaradılacağını söyləyib. O, gəncləri özlərinin çəkdiyi, Rusiyanın müxtəlif regionlarındakı oğlan və qızların bir-birini daha yaxşı tanımasına kömək edə biləcək videosüjetləri həmin telekanala göndərməyə çağırıb: “Bununla bərabər, tezliklə RAGT jurnalının ikinci nömrəsi çapdan çıxacaqdır. Biz bu nömrədə gənclər üçün ən maraqlı mövzuları işıqlandırmağa çalışmışıq. Əgər kiminsə maraqlı məqalələri varsa, onları bizə göndərin, biz ən yaxşılarını hökmən jurnalda dərc edəcəyik”.
RAGT sədri çıxışı bu sözlərlə bitirib: “Mən böyük inamla deyə bilərəm ki, bu illər ərzində bizim birgə səylərimiz, təşəbbüskarlıq və Vətənə sevgimiz sayəsində RAGT çox işlər görməyə, böyük uğurlar qazanmağa nail olmuşdur. Lakin qarşıda görüləsi işlər, layihələr çoxdur və mən əminəm ki, biz birlikdə çox yaxşı işlər görə, Vətənimizi layiqincə təmsil edə bilərik”. L.Əliyeva görüşün bütün iştirakçılarına və təşkilatın təəssübkeşlərinə fəallıq və dəstəyə görə təşəkkürünü bildirib.
Sonra RAGT-ın Sverdlovsk vilayəti üzrə regional bölməsinin sədri, RAGT İdarə Heyəti Şurasının üzvü Vüsal Vəliyev regional gənclər təşkilatının fəaliyyəti barədə məlumat verib. O, bildirib ki, RAGT-ın yaradılması təkcə Sverdlovsk vilayətində deyil, bütün Rusiyada azərbaycanlı gənclər hərəkatının təşkilatlanmasına böyük təkan verib. Onun sözlərinə görə, bu gün Rusiyada azərbaycanlıların yeni, Rusiya cəmiyyətinə fəal inteqrasiya etməyə çalışan nəsli formalaşır.
RAGT-nin Çelyabinsk və Tümen vilayətləri üzrə regional bölmələrinin rəhbərləri, müxtəlif ali məktəblərin tələbələri öz çıxışlarında gənclər təşkilatlarının aktual problemlərinə toxunub, perspektiv planlar barədə danışıblar. Onlar Leyla Əliyevaya Azərbaycan gənclərinə göstərdiyi qayğı və diqqətə görə, eləcə də RAGT rəhbəri tərəfindən bu təşkilatın Sverdlovsk regional bölməsinə hədiyyə edilmiş milli geyimlərə görə ona təşəkkür ediblər. Görüş iştirakçıları Leyla Əliyevanı əmin ediblər ki, azərbaycanlı gənclər bundan sonra da RAGT-ın və Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin bütün tədbirlərində fəal iştirak edəcəklər. RAGT-nin Sverdlovsk bölməsinin üzvü olan gənclər adından Leyla Əliyevaya xatirə hədiyyəsi təqdim edilib. Ural Federal Dairəsinin Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdirilib.
Sonra Leyla Əliyeva görülmüş işlər və yaxın gələcək üçün perspektiv planlar barədə gənclərin suallarına cavab verib.
Görüşdə Rusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Şahin Şıxlınski də iştirak edib.
Elə həmin gün Leyla Əliyeva Sverdlovsk vilayəti Qanunvericilik məclisinin nümayəndələr palatasının sədri Lyudmila Babuşkina ilə görüşüb. Görüşdə humanitar əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.