Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Sentyabrın 22-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbir keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai tədbirdə çıxış ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan əl işlərindən ibarət sərgiyə baxıb.
Sərgidə əlilliyi olan şəxslərin sülh mövzusunda yaratdığı incəsənət nümunələrinə, tematik əyləncə güşələrinə də baxış olub.
Leyla Əliyeva burada sərgilənən əl işlərinin müəllifləri ilə söhbət edib, əsərlərin yaradılması prosesi ilə maraqlanıb, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.
Leyla Əliyeva BOCCIA İdman Federasiyasının idmançıları ilə də görüşüb. Ölkəmizdə BOCCIA idmanının yaradılması Leyla Əliyevanın təşəbbüsü ilə reallaşıb.1984-cü ildə Paralimpiya Oyunlarının proqramına daxil edilən BOCCIA 34 il ərzində 50 ölkədə inkişaf etdirilərək sürətlə məşhurlaşıb. Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən 2013-cü ildən ölkəmizdə BOCCIA idman növünün təbliğinə başlanılıb və bu idman növü üzrə milli komanda yaradılıb. Azərbaycan idmanı üçün yenilik olan bu idman növündə ağır kateqoriyalı əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar güclərini sınaya bilərlər.
Leyla Əliyeva uşaqlarla birlikdə bütün dünyada sülh rəmzi olan göyərçinləri səmaya buraxıb.
Tədbir iştirakçıları Beynəlxalq Sülh Gününün daha bir rəmzi jestini həyata keçiriblər. Onlar rəngli boyalarla əl izlərini tabloya qoyublar.
Dənizkənarı Milli Parkda əlilliyi olan şəxslərdən və uşaq yaradıcılıq mərkəzlərindən olan rəqs qrupları musiqili proqramla çıxış ediblər. Maraqlı faktlardan biri də ondan ibarətdir ki, rəqs edənlər arasında eşitmə qabiliyyəti olmayan uşaqlar da var idi.
Beynəlxalq Sülh Günü 1981-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis edilib. 2001-ci ildə Baş Assambleya hər il Beynəlxalq Sülh Gününü qeyri-zorakılıq və atəşkəs günü olaraq qeyd etməyi qərara alıb. Bu əlamətdar gün BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayır. Yaponiya parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın mütləq dünya sülhü!” sözləri yazılıb.