Oktyabrın 27-də Heydər Əliyev Mərkəzində “Qlobal İnfluenser Günü” keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
“Qlobal İnfluenser Günü” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılan “İnnovasiya həftəsi” çərçivəsində keçirilib.
Tədbirdə informasiya dövründə insan beyninin inkişafından danışılıb. “Keepface DMCC” və “FA International Trade Events” tərəfindən təşkil olunan və “İnnovasiya həftəsi” çərçivəsində baş tutan “Qlobal İnfluenser Günü” Azərbaycanda müasir kommunikasiya və marketinq texnologiyalarına dövlət tərəfindən verilən önəmin təzahürü kimi qiymətləndirilib.
Tədbirin çıxışçıları arasında süni intellekt sahibi, robot “Sofiya” da olub. O bildirib ki, fərqli mədəniyyətlərin, dinlərin təmsilçilərini bir araya gətirən Azərbaycanın böyük potensialı var.
Sonra Leyla Əliyeva Heydər Əliyev Mərkəzində təşkil edilən “Fobia Viar” sərgisi ilə tanış olub. “Fobia Viar” Azərbaycanda virtual reallığın ən iri mərkəzlərindən biridir. Buranı ziyarət edənlər yüksək texnologiyalara dair müxtəlif müasir aparatlarla tanış ola bilərlər. Bu sərgi təkcə “Game zona”, yəni, oyun məkanı kimi deyil, eyni zamanda, virtual reallıqla bağlı proqramların yaradıldığı bir mərkəz kimi təqdim edilir. Mərkəz virtual reallığın muzeylərdə incəsənət sahəsində tətbiqini həyata keçirir.
Tədbirin sonunda Leyla Əliyeva robot “Sofiya” ilə ünsiyyət qurub, şəkil çəkdirib.