Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Heydər Əliyev Mərkəzində “Zamanında. Rusiya regional muzeylərinin 1900-1930-cu illərə aid rus avanqardı kolleksiyaları. Üçüncü hissə” adlı sərgi açılıb.
Ekspozisiyada Rusiyanın 17 şəhərindəki regional muzeylərdən toplanmış nadir avanqard kolleksiya nümayiş olunur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.
Mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək sərgi ilə bağlı fikirlərini bölüşüb. Ölkəmizin mədəni həyatında bir çox tədbirlərin keçirildiyini deyən Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Mərkəzi ənənəvi olaraq bu cür tədbirlərin təşkil edildiyi məkana çevrilib. Burada keçirilən tədbirlər hər zaman yüksək qiymətləndirilir. Bu layihənin üzərində uzun zamandır iş aparıldığını deyən direktor sərginin ərsəyə gəlməsindən məmnunluğunu bildirib. O, sərginin ölkəmizdə ilk dəfə keçirildiyini diqqətə çatdıraraq layihənin reallaşmasında göstərdikləri dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.
Sərginin fevralda açılmasının təsadüfi olmadığını vurğulayan Anar Ələkbərov bildirib ki, bu ay tanınmış avanqard klassiki, sərgidə əsərləri nümayiş olunan Kazimir Maleviçin anadan olmasının 140 illik yubileyi qeyd edilir.
Anar Ələkbərov layihənin reallaşmasında Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin baş direktoru Aleksandr Borodanın və sərginin kuratoru, incəsənət tarixçisi Andrey Sarabyanovun da xidmətlərini xüsusi vurğulayıb.
Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin baş direktoru Aleksandr Boroda deyib ki, Rusiyanın regional muzeylərindən toplanan bu əsərlərin nümayişi Heydər Əliyev Mərkəzi, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi, Moskva Müasir İncəsənət Muzeyinin birgə səyləri nəticəsində mümkün olub. Aleksandr Boroda rəhbərlik etdiyi mərkəzin uzun illərdir Heydər Əliyev Mərkəzi ilə səmərəli əməkdaşlıq qurduğunu diqqətə çatdıraraq deyib: “Biz Heydər Əliyev Fondunun rəhbərliyinin qarşılıqlı hörmət və tolerantlıq prinsiplərini tam dəstəkləyirik. Azərbaycan Prezidentinin həyata keçirdiyi tolerantlıq siyasətinə hər zaman böyük hörmətlə yanaşılır. Bu cür layihələrin gələcəkdə də reallaşacağına əminik”.
“Çox sevinirəm ki, bu gün rus avanqardı Bakıya gəlib”, - deyən sərginin kuratoru, incəsənət tarixçisi Andrey Sarabyanov vurğulayıb ki, sərginin Bakıda keçirilməsi təsadüfi deyil. Bu sərginin özünəməxsusluğu ondadır ki, burada az tanınan rəssamların da əsərləri nümayiş olunur. O, sərginin təşkilatçılarına minnətdarlığını bildirib.
Çıxışlardan sonra qonaqlar sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.
Ekspozisiyada avanqard incəsənət tarixinə mühüm töhfələr vermiş klassiklərin - Kazimir Maleviç, Vasili Kandinski, Aleksandr Rodçenko, Vladimir Tatlin, Aleksandr Ekster, Mark Şaqal ilə yanaşı, Viktor Bart, Aleksey Qrişenko, Aleksey Morqunov, Sergey Romanoviç, Pavel Mansurov və digərlərinin yaradıcılığından nümunələr təqdim olunub. Ümumilikdə 60 əsərin yer aldığı ekspozisiya özündə 2016-cı və 2017-ci illərdə Moskvada nümayiş olunan “Zamanında. Birinci hissə” və “Zamanında. İkinci hissə” sərgilərinin eksponatlarını birləşdirir və rus avanqardının 1900-cü illərin əvvəllərində formalaşmasından başlayaraq 1930-cu illərin əvvəllərindəki tənəzzülünə qədər olan dövrü əhatə edir. Layihənin əsas ideyası məşhur, az tanınmış və ümumiyyətlə tanınmamış avanqard rəssamların Rusiya regional muzeylərinin kolleksiyalarında qorunan əsərlərini təqdim etmək, XX əsrin ilk 30 ilində rus incəsənətindəki əsas üslubları sərgiləməkdir.
Ekspozisiya Heydər Əliyev Mərkəzində mayın 5-dək açıq olacaq.