Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Fevralın 25-də Bakı Kitab Mərkəzində beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut və atası, yazıçı Əmir Qutun birgə qələmə aldıqları ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımından bəhs edən “Ağrı” bədii-sənədli romanının təqdimatı olub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyasının təşəbbüsçüsü Leyla Əliyeva iştirak edib.
Əvvəlcə “Xocalıya ədalət” kampaniyası çərçivəsində lentə alınmış videoçarx nümayiş olunub.
Tədbiri mərkəzin direktoru Günel Rzayeva açaraq bildirib ki, Xocalı soyqırımından 27 il keçməsinə baxmayaraq, bu faciənin ağrı-acısını xalqımız hələ də yaşamaqdadır. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət” məlumatlandırma kampaniyası çərçivəsində soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımların atıldığını bildirib. “Hər il bu kampaniya daha geniş vüsət alır, əcnəbi gənclər xalqımıza qarşı törədilən faciənin səbəbini və səbəbkarlarının kimliyini öyrənir və Dağlıq Qarabağ münaqişəsi barədə daha çox məlumat əldə edirlər. İsrailli müəlliflərin qələmə aldıqları roman da bu kampaniyaya bir töhfədir. Roman Azərbaycan, rus və ingilis dillərində nəşr olunub. İsraildə yaşamalarına baxmayaraq, müəlliflər bizim faciəmiz, ağrı-acımız barədə dünya ictimaiyyətinə məlumat verirlər. Düşünürəm ki, gələcəkdə bu cür kitabların sayı daha da çox olmalıdır. Ədəbiyyat, incəsənət xadimləri bu kampaniyaya qoşulmalıdırlar. Ən böyük elçi mədəniyyətdir. Biz mədəniyyət, ədəbiyyat yolu ilə səsimizi dünyaya çatdırmalıyıq”, – deyə Günel Rzayeva qeyd edib.
Yəhudi və Azərbaycan xalqlarını böyük faciələr və qəhrəmanlıqların birləşdirdiyini deyən Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev vurğulayıb ki, Holokost kimi Xocalı soyqırımı da insanlığa qarşı törədilmiş cinayətdir. Holokost və Xocalı faciələri mahiyyətcə eynidir. O, Ermənistandan fərqli olaraq, Azərbaycanda daim müxtəlif mədəniyyətlərə və dinlərə məxsus insanların dinc yanaşı yaşadıqlarını, ölkədə multikultural dəyərlərə hər zaman hörmət edildiyini və qorunub saxlanıldığını bildirib.
Bədii-sənədli romanın elmi redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva qeyd edib ki, israilli müəlliflər Azərbaycan xalqının kədərini və faciəsini böyük ürəkağrısı ilə təsvir edirlər. Onlar ölüm və vahimə toxumu səpən, Azərbaycan tarixinin maddi və mədəni irsini məhv edən, lakin Vətən oğullarını böyük missiyaya – öz əzəli torpaqlarını qorumağa ruhlandıran saf və işıqlı duyğuları məhv edə bilməyən erməni terrorçuların mənfur niyyətlərindən dünyanı xəbərdar edirlər.
Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində belə əsərlərin böyük əhəmiyyət daşıdığını qeyd edib.
Əməkdar jurnalist Qulu Məhərrəmli israilli müəlliflərin ərsəyə gətirdikləri romanı Xocalı soyqırımı qurbanlarının xatirəsinə dəyərli bədii abidə adlandırıb.
Xocalıda törədilmiş soyqırımı aktının canlı şahidi, hazırda İsrail vətəndaşı olan Əsəd Fərəcov faciə ilə bağlı acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Romanın həmmüəllifi Arye Qut əsərin yazılması səbəbləri haqqında danışaraq, əsas məqsədin dünya ictimaiyyətinə Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı və ötən əsrin ən dəhşətli etnik təmizləmələrindən biri olan, 1992-ci il fevralın 26-da Xocalıda dinc azərbaycanlı əhalinin məruz qaldığı soyqırımı haqqında geniş məlumat vermək olduğunu bildirib. O, əsərin real hadisələrə, Xocalı qətliamını yaşamış şahidlərin söylədikləri faktlara əsaslandığını bildirərək, kitabda ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı qırğın, vəhşiliklər və digər cinayətlərin üzə çıxarılması və günahkarların cəzalandırılması üçün çağırış edildiyini diqqətə çatdırıb. İsrail vətəndaşı olmasına baxmayaraq, Azərbaycanda doğulduğunu və buranı öz doğma vətəni kimi sevdiyini bildirən həmmüəllif bu səbəbdən Xocalı şəhərində törədilmiş qanlı soyqırımı aktının özünün şəxsi ağrı-acısı, faciəsi olduğunu qeyd edib.
“Ağrı” romanında XX əsrin faciəsi - Xocalı soyqırımı ətraflı təsvir olunub. Müəlliflər canlı şahidlərin - Xocalıda kütləvi qırğından sağ çıxa bilmiş sakinlərin ifadələri əsasında “əzabkeş” erməni xalqının iç üzünü açıb, Azərbaycan xalqının kədərini və faciəsini ürəkağrısı ilə təsvir ediblər. Əsərdə müxtəlif dinlərə və millətlərə mənsub olan, fərqli mühitlərdə böyümüş, taleyin qisməti ilə gözəl Bakı şəhərində rastlaşan iki gəncin - Polad və Röyanın sevgi tarixçəsi təsvir olunur. Bildirilir ki, Röya hələ uşaq ikən erməni cəlladlarının Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdikləri amansız qırğının şahidi olub. O, xalqının zorla cəlb edildiyi müharibənin bütün itki və dəhşətlərini yaşayıb. Röya böyüdükdən sonra soyqırımı zamanı sağ qalmış həmyerlilərinə itkin düşmüş doğmalarını və yaxınlarını tapmaq üçün kömək etmək qərarına gəlir. O, var qüvvəsi ilə Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına çalışır.