Müasir İncəsənət Muzeyində Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı sərgisi açılıb

Video

Müasir İncəsənət Muzeyində Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı sərgisi açılıb

Müasir İncəsənət Muzeyində Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı sərgisi açılıb
26/02/2019

Fevralın 26-da Müasir İncəsənət Muzeyində Xalq rəssamı, professor Arif Hüseynovun Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Qarabağnamə - tarixin səhifələri” adlı sənədli-bədii qrafika sərgisi açılıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan sərgidə rəssamın 50-dən çox sənədli-bədii qrafika əsəri nümayiş olunur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov deyib ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar müxtəlif anım tədbirləri keçirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə və xaricdə təşkil edilən bu cür tədbirlər sayəsində dünya ictimaiyyətinin Xocalıya olan diqqəti daha da artır. Xalq rəssamı Arif Hüseynovun Qarabağ mövzusunda əsərlərindən ibarət bugünkü sərgi də Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilib və buna görə Fondun rəhbərliyinə təşəkkür edirik.

Sərginin əhəmiyyətindən danışan X.Abdinov deyib ki, ekspozisiyada nümayiş olunan əsərlər tarixi materiallara əsaslanır. Bu əsərlərdə Alban kilsəsi, tarixi yerlərin mənzərələri və tarixi şəxsiyyətlərin portretləri təsvir olunub. Əsərlərdə Türkmənçay müqaviləsi, Alban kilsələrinin dəyişdirilməsi, Xocalıya aid kompozisiyalar əks etdirilir.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vurğulayıb ki, xalqımızın tarixində yaşanan kədərli və fərəhli hadisələrə hər zaman sənətkarlarımız tərəfindən bədii münasibət göstərilib. Xocalı soyqırımı xalqımızın tarixində elə dəhşətli hadisələrdəndir ki, ona münasibət göstərməmək qeyri-mümkündür.

“Xalq rəssamı Xanlar Əhmədov, tanınmış kinorəssam Nazim Məmmədov və digər fırça ustaları bu hadisələri öz əsərlərində təsvir ediblər. Arif Hüseynovun əsərlərində tarixə, yaşanılan hadisələrə sənədli münasibət mövcuddur. Düşünürəm ki, belə əsərlərin ölkəmizin hüdudlarından kənarda da nümayişi vacibdir. Bu əsərlər Xocalı faciəsinin dünyaya tanıdılması və təbliğində yardımçı ola bilər. Sərginin təşkil olunmasına verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığımızı bildiririk”, - deyə Ziyadxan Əliyev bildirib.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov söyləyib ki, sərgidəki əsərlərdə xalqımızın ağrı-acıları əks olunub. Belə sərgilər mütəmadi olaraq təşkil edilməlidir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səhlab Məmmədov, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov çıxış edərək sərginin əhəmiyyətini vurğulayıb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonra tədbirin iştirakçıları sərgi ilə tanış olublar.

Xalq rəssamının sərgidə nümayiş etdirilən “I Pyotrun məktubu”, “Türkmənçay müqaviləsi”, “Güllələnmiş heykəllər”, “Qarabağ müharibəsi”, “Pənahəli xan”, “Xalq musiqiçiləri” kimi əsərlərində tarixi həqiqətlərin rəssam təxəyyülü ilə ərsəyə gətirdiyi təsvirlər kifayət qədər cəlbedici və yaddaqalandır. Sərgidəki bütün əsərlər qravüra janrında işlənilib. Sərgi bütövlükdə tarixi faktlar əsasında qurulub və maarifləndirici xarakter daşıyır.

Uzun illərdir ki, rəssam vaxtının bir hissəsini gənc nəslin nümayəndələri, uşaq və yeniyetmələrlə işləməyə sərf edir. Azərbaycan təsviri incəsənətinin gələcəyi üçün yeni rəssamlar hazırlayır. Rəssam öz əsərləri ilə Azərbaycan xalqının zəngin daxili dünyasını və xüsusiyyətlərini təsvir edir. Əsərlər tarixi materiallara əsaslanır. Silsiləyə daxil olan əsərlərdə Alban kilsəsi, tarixi faktlar, tarixi yerlərin mənzərələri və tarixi şəxsiyyətlərin portretləri təsvir olunur.