Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə fevralın 26-da Bakı Konqres Mərkəzində “Ağrı gecəsi” adlı tədbir keçirilib.
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Tədbirdə, həmçinin Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, deputatlar, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Əvvəl faciə qurbanlarının xatirəsi yad olunub.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Xocalı faciəsinin canlı şahidləri Əsəd Fərəcov və Valeh Hüseynov tədbirdə çıxış ediblər.
Tədbirdə beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut və atası, yazıçı Əmir Qutun birgə qələmə aldıqları, ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımından bəhs edən “Ağrı” bədii-sənədli romanının təqdimatı olub.
Sonda Xocalı faciəsi ilə bağlı film nümayiş etdirilib.
Bakı Konqres Mərkəzinin foyesində soyqırımı ilə bağlı rəsm sərgisi də təşkil olunub.