Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
19/04/2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda yerləşən “Elektra Events Hall”da nazirliyin sosial müəssisələrinin sakinlərinin, əsasən sağlamlıq imkanları məhdud uşaq və gənclərin “Bahar sevincləri” adlı sərgisi və konsert proqramı təşkil olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbirdə çıxış edib.

“Bahar sevincləri” şənliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən sosial müəssisə sakinləri, ictimai birliklər, nazirliyin himayəsində olan inklüziv teatr və yaradıcılıq birlikləri öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin əl işlərindən ibarət sərgiyə baxıb. Rəssamlıq, bədii oyma, toxuculuq növləri üzrə təqdim olunan əl işlərində müəlliflərin həyata nikbin baxışları, arzu və düşüncələri, Vətənə sevgi hissləri, Azərbaycan təbiətinin gözəllikləri, zəngin milli-mənəvi dəyərlərimiz ifadə olunub.

Əl işlərinin müəllifləri ilə söhbət edən Leyla Əliyeva onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Milli kulinariya guşəsində uşaqlar qutab bişirmə, yuxa yayma, düşbərə bükmə qabiliyyətlərini nümayiş etdiriblər.

Leyla Əliyeva xalçaçılıq guşəsi ilə tanış olub, xalça toxuyan gənclərlə söhbət edib.

Sonra konsert proqramı təqdim edilib. Gözdən əlilliyi olan Gülnar Rəhimova, Seymur Əliyev və Gülnar Novruzova mahnılar ifa edib, sağlamlıq imkanları məhdud, eləcə də daun və autizm sindromlu, hemofiliyalı, danışma və eşitmə əngəlli uşaqlardan ibarət rəqs qruplarının çıxışları olub.

İdman guşəsi ilə tanış olan Leyla Əliyeva burada Boccia İdman Federasiyasının idmançıları ilə görüşüb. Azərbaycanda boccia idmanı Leyla Əliyevanın təşəbbüsü ilə yaradılaraq ildən-ilə inkişaf edib. Bu idman növü üzrə milli komandamız beynəlxalq yarışlarda artıq ilk qələbələrə imza atıb.

Əlilliyi olan şəxslər boccia, qılıncoynatma, parataekvondo, oxatma, güllə atıcılığı növlərində öz məharətlərini göstəriblər.

Leyla Əliyeva idmançılara yeni-yeni uğurlar arzulayıb.