Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Leninqradın müdafiəsi zamanı həlak olmuş azərbaycanlı döyüşçülərin xatirə lövhəsinin təntənəli açılış mərasimində iştirak edib.
Xatirə lövhəsinin açılışı “Nevski Pyataçok” Əsgəri Memorialın Beynəlmiləl şöhrət və xatirə xiyabanında olub. Abidənin yaradılması layihəsi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin hamiliyi altında Leninqrad vilayəti hökumətinin dəstəyi ilə həyata keçirilib.
Leninqrad vilayətinin vitse-qubernatoru Aleksandr Kuznetsov mərasimdə çıxış edib. “Əsgər və zabitlər burada öz borclarını şərəflə yerinə yetirmişlər. Abidənin açılışı göstərir ki, bizim dövlətlərin xalqları və rəhbərləri həlak olmuş ata-babalarımızın xatirəsinə sadiqdir”, - deyə o, bildirib.
Leyla Əliyeva Leninqradın müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlı əsgərlərin xatirəsini anmaq üçün “Nevski Pyataçok”a toplaşmış tədbir iştirakçılarına minnətdarlığını bildirib. O, keçmiş Sovet İttifaqı xalqlarının Böyük Vətən müharibəsi illərində göstərdiyi rəşadətin bəşəriyyət tarixində tayı-bərabəri olmadığınl vurğulayıb, Hitler faşizmi üzərində Qələbəyə Azərbaycan xalqının da böyük töhfə verdiyini söyləyib. Leyla Əliyeva o zaman döyüş meydanlarında 300 mindən çox azərbaycanlının həlak olduğunu xatırıadıb: ”Təyyarəçi Hüseynbala Əliyevin göstərdiyi hünər məlumdur. O, Leninqrad ətrafında döyüşlərdə bir uçuşda 2 düşmən təyyarəsini, o cümlədən ikincisini ölümcül yaralanmış vəziyyətdə məhv etmişdir. Bu qəhrəmanlığına görə ali hökumət mükafatına - “Lenin ordeni”nə layiq görülmüşdür. Leninqradın mühasirəsi 900 gün davam etmişdir. Aclıq, soyuq və bombardmanlar üzündən yüz minlərlə insan həlak olmuşdur. Amma nə artilleriya atəşləri, nə də daimi ölüm qorxusu leninqradlıların dəmir iradəsini və vətənpərvərlik ruhunu qıra bilmədi. Şəhər davam gətirdi və bu gün inkişafda olan Sankt-Peterburq dünyanın mədəni paytaxtı statusunu təsdiq edir”.
L.Əliyevanın sözlərinə görə, Azərbaycan Respublikasının Xatirə Kitabında Leninqradın faşistlərin mühasirəsindən azad edilməsi uğrunda Nevski pyataçokda və Sinyavinsk yüksəkliklərində gedən döyüşlərdə həlak olmuş 850 azərbaycanlının adı yer alıb: ””Nevski pyataçok” döyüş meydanı hərb tarixinin ən rəşadətli və faciəli səhifələrindən biridir. Döyüş meydanının müdafiəçilərinin tərkibi, demək olar, hər gün büsbütün yenilənirdi – həlak olanları yeni döyüşçülər əvəz edirdi. Artıq peterburqlu heykəltəraş tərəfindən abidə hazırlanmışdır və gələn il Fondun nümayəndəliyinin hamiliyi altında, Leninqrad vilayəti hökumətinin dəstəyi ilə Sinyavinsk yüksəkliklərində ucaldılacaqdır. Döyüşçülərin rəşadəti gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır. Sevindirici haldır ki, bu gün mərasimdə çoxlu gənc iştirak edir. Onların vətən uğrunda canlarından keçmiş ata və babalarının xatirəsini uca tutmaları çox vacibdir. Xalqlarımızın birliyi və dostluğu sayəsində biz Böyük Qələbə qazana bildik. Bu Qələbə belə bir danılmaz həqiqəti təsdiq etdi ki, biz sülhə, əmin-amanlığa və vətəndaşlarımızın xoşbəxt gələcəyinə ancaq bir yerdə nail ola bilərik”.
Sonda L.Əliyeva bu layihəni dəstəklədiklərinə görə Leninqrad vilayətinin qubernatoru Valeri Serdyukova, vilayət hökumətinə, həmçinin layihəni icra edən istedadlı heykəltəraşlar Gennadi Belousova və Andrey Rıtova minnətdarlığını bildirib.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov çıxışında 1941-1944-cü illərdə Leninqrad uğrunda gedən döyüşlərdə həlak olmuş döyüşçülərin xatirə lövhəsinin açılmasının tarixi əhəmiyyətini vurğulayıb, Böyük Qələbəni məhz xalqlarımızın dostluğu və birliyi sayəsində əldə etməyin mümkün olduğunu deyib.
Çıxışlardan sonra Leyla Əliyeva və Aleksandr Kuznetsov xatirə lövhəsini açıblar.
Leyla Əliyeva, həmçinin “Leninqrad blokadasının yarılması” qoruq-muzeyində olub. Qoruğun işçiləri muzeyin mərkəzi ekspozisiyasından - Leninqradın müdafiəsi tarixində dönüş yaratmış 1943-cü il hadisələrini canlandıran dioramdan danışıblar.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin başçısı həlak olmuş qəhrəmanların xatirəsinə qayğıkeş münasibət göstərdiklərinə görə muzeyin əməkdaşlarına minnətdarlığını bildirib, Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilmiş, Leninqrad uğrunda döyüşlərdə canlarından keçmiş azərbaycanlıların (850 nəfər) adbaad siyahısı olan “Leninqradın faşist blokadasından azad edilməsi uğrunda qəhrəmancasına həlak olmuş azərbaycanlılar” kitabını muzeyə hədiyyə edib.
Təntənəli mərasimdə RF XİN-in Yekaterinburqdakı nümayəndəsi Vladimir Zapevalov, Leninqrad vilayəti Kirov rayonunun başçısı Nikolay Yemelyanov, Yaponiyanın və Litvanın baş konsulluqlarının, Qırğızıstanın fəxri konsulluğunun, habelə Azərbaycan diasporunun nümayəndələri, Rusiyanın şimal paytaxtının ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.