Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı rəsmi nümayəndəsi Leyla Əliyevanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 28-də Tver vilayətində rəsmi səfərdə olub.
Səfər zamanı Tver vilayətinin vitse-qubernatoru K.Buyeviç, Tver şəhərinin meri O.Lebedev, gənclər komitəsinin sədri xanım O.Sukova ilə rəsmi görüşlər keçirilib. Görüşlərdə ikitərəfli əlaqələrin möhkəmlənməsində gənclərin rolu, azərbaycanlı gənclərin yerli mühitə inteqrasiyası və bu sahədə diasporun əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edək ki, bu regionda 25 min nəfərə yaxın azərbaycanlı yaşayır.
Leyla Əliyevanın Fondun fəaliyyəti barədə çıxışı azərbaycanlı gənclər və diaspor fəalları arasında böyük maraq doğurub.
Fondun bilavasitə yardımı ilə azərbaycanlı gənclərin Azərbaycanda gedən proseslərdən geri qalmamaları, ən vacibi isə Azərbaycan dilini unutmamaları üçün respublikamız və xalqımız haqqında doğma dildə kitablarla təmin olunmaları, Tver şəhərinin meri ilə əldə edilmiş razılığa əsasən «Bazar Günü» məktəbinin açılması, Tverdə yaşayan azərbaycanlı gənclərin internet səhifəsinin yaradılması qərara alınıb. Leyla Əliyeva azərbaycanlı gəncləri maraqlandıran suallara cavab verib. Görüşün sonunda xatirə şəkilləri çəkilib.
Səfər zamanı Leyla Əliyevanı Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qudsi Osmanov müşayiət edib.