Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
İyunun 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində və Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində olub.
Əvvəlcə Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbinə gələn Leyla Əliyeva burada uşaqlarla görüşüb, onlar üçün yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 1976-cı ildən fəaliyyət göstərən bu internat məktəbi 2015-ci ildə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub. Hazırda burada 100-dən çox uşaq müalicə alır. Məktəbin nəzdində məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan Reabilitasiya-İnkişaf Mərkəzi fəaliyyət göstərir.
Leyla Əliyeva müəssisədəki uşaqlarla söhbət edib, onların əl işlərinə baxıb, fəaliyyət göstərən dərnəklərlə maraqlanıb.
İnternat məktəbinin sakinləri Leyla Əliyevaya öz bacarıqlarını nümayiş etdiriblər.
Müəssisəyə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
XXX
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə gəlib.
Bildirilib ki, 1960-cı illərin əvvəllərindən fəaliyyət göstərən internat məktəbi eşitmə qüsurlu uşaqlar üçün nəzərdə tutulub. Buradakı 649 uşaqdan 226-sı internat məktəbində yaşayır. Azərbaycan və rus bölmələrinin olduğu internat məktəbində 87 sinif var. Artıq 4 ildir ki, internat məktəbində implant siniflər də fəaliyyət göstərir. Həmin siniflərdəki uşaqlara implant əməliyyatından sonra xüsusi proqram üzrə dərs keçirilir. Təhsil müəssisəsində uşaqlar öz istəklərinə uyğun olaraq rəsm, toxuculuq, muncuqla iş, xalçaçılıq, idman dərnəklərində məşğul ola bilərlər. İnternat məktəbinin məzunları arasında idmançılar, rəssamlar var.
Bu məktəbə də Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.