Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin 10 illiyi münasibətilə Mədəniyyət Günü keçirilib

Video

Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin 10 illiyi münasibətilə Mədəniyyət Günü keçirilib

Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin 10 illiyi münasibətilə Mədəniyyət Günü keçirilib
24/06/2019

İyunun 24-də Moskvada Azərbaycan Mədəniyyəti Günü keçirilib. Tədbir Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən bu qurumun 10 illiyi münasibətilə təşkil edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyeva tədbirdə iştirak edib.

Azərbaycan Mədəniyyəti Günü Moskvanın ən mənzərəli guşələrindən birində - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Aptekarski oqorod” Nəbatat bağında keçirilib.

Leyla Əliyeva Azərbaycan Mədəniyyəti Gününün təntənəli açılış mərasimində çıxış edib. Leyla Əliyeva mərasim iştirakçılarını təşkilatın 10 illik yubileyi münasibətilə təbrik edərək deyib: “Çox xoşdur ki, bugünkü tədbir dünyanın ən gözəl bağlarından birində - MDU-nun Nəbatat bağında keçirilir. Bu bağı belə ecazkar edən nədir? Bu, Aleksey Reteyumun rəhbərlik etdiyi bütün kollektivin bitkilərə sevgi ilə qulluq etməsidir. Sevgi dünyanın bəzəyidir, onu daha xeyirxah, daha ədalətli və başlıcası, həqiqi edir. Buna görə də mənə xüsusilə xoşdur ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) sevgi deməkdir. Bu isə öz növbəsində o deməkdir ki, biz həmişə beləcə nurlu, xeyirxah və güclü olacağıq”.

Bildirib ki, birlik 10 il ərzində çox böyük işlər görüb. Rusiya Federasiyasının 49 regionunda bu təşkilatın Azərbaycan gənclərinin 2500-dən çox təşəbbüskar və kreativ nümayəndələrini birləşdirən 55 bölməsi fəaliyyət göstərir. Leyla Əliyeva deyib: “Bizim faydalı layihə və tədbirlərimiz çoxdur, məsələn, RAGB-in hər il keçirilən “Gələcəyə addım” və “İxtisas qazanılmasına kömək” mövzularında payız və qış liderlik məktəbləri. Bundan əlavə, RAGB gənclərin və tələbələrin 2017-ci ildə Soçidə keçirilmiş XIX Ümumdünya festivalının iştirakçısı olub. RAGB-in bu tədbirdə iştirakı bizim işimizə verilən yüksək qiymətdir. Festival təcrübə və ideyalar mübadiləsi, yeni tanışlıqlar və dostluq əlaqələri qurulması üçün gözəl məkandır. Siz hər hansı şəxslə yalnız üzbəüz ünsiyyətdə olarkən onu tanıya, onun haqqında həqiqəti öyrənə bilərsiniz. Bu, həm də bizim gənclərin Azərbaycanın zəngin, qədim mədəniyyətini, tarixini və ənənələrini təbliğ etmək üçün bir fürsətidir”.

Leyla Əliyeva vurğulayıb ki, Azərbaycan ilə Rusiyanı ortaq tarix, mədəniyyət, habelə iki xalq arasında ənənəvi dostluq telləri birləşdirir: “Azərbaycanda böyük rus mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına və poeziyasına dərin sevgi ilə yanaşırlar. Çox sevindirici faktdır ki, bizim gənclər Rusiya cəmiyyətinə inteqrasiya edir və eyni zamanda, öz ənənəvi köklərini qayğı ilə qoruyub saxlayırlar. RAGB-in başlıca vəzifəsi xeyirxah və faydalı işlər görməkdir. Biz artıq neçə ildir ki, “Qanın milləti yoxdur” adlı təmənnasız qanvermə aksiyaları keçirir, təhsil əlaçılarını dəstəkləyir və həvəsləndirir, Rusiyada keçirilən peşə müsabiqələrində iştirak edir, “Nə? Harada? Nə vaxt?”, Şən və Hazırcavablar Klubu (ŞHK) kimi populyar intellektual oyunlar təşkil edir, uşaq evlərinə, qocalar evlərinə baş çəkir, ehtiyacı olanların hamısına kömək əlimizi uzadırıq”.

Leyla Əliyeva vurğulayıb ki, Birliyin üzvləri sağlam həyat tərzinə xüsusi diqqət yetirməlidirlər: “Təbiətin qoynunda çoxlu vaxt keçirən, sağlam qida qəbul edən, siqaret çəkməyən, idmanla məşğul olan, hərəkətdə olan, ən başlıcası, öz beynini mənfi informasiya və fikirlərlə doldurmayan insanın həkimə ehtiyacı olmayacaq, belə insan həmişə sağlam olacaq. Artıq neçə ildir ki, RAGB mini-futbol üzrə çempionat, Heydər Əliyev adına Kubok, RAGB Universiadası, idman oyunları və turizm toplantıları keçirir. Rusiyalı gənclər bizim bütün tədbirlərdə məmnuniyyətlə iştirak edirlər və buna görə mən sizə çox təşəkkür edirəm. Əminəm ki, bizim dostluğumuz daha da möhkəmlənəcək”.

Bəşəriyyətin gələcəyinin bir sıra ekoloji problemlərin həllindən asılı olduğunu vurğulayan Leyla Əliyeva deyib : “Təbiət çoxdandır ki, bizə siqnal verir, bizim onu müdafiə etməyimizə çox ehtiyac var. Yer kürəsi bizim ümumi evimizdir, buna görə də planetimizin qorunub saxlanması və abadlaşdırılması məsələsi birgə həll edilməlidir. Soçidə bəbirlərin populyasiyasının bərpası mərkəzi ilə bizim ekoloqların birgə səyləri buna misaldır. Mən çox ümidvaram ki, biz vəhşi heyvanların bu nadir növünü qoruyub saxlamaq üçün əlimizdən gələni edə biləcəyik. Bizim IDEA Beynəlxalq kampaniyamız Həştərxanda körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması üzrə ekoloji tədbirdə iştirak edib. Çox ümid edirəm ki, biz ən qədim və maraqlı heyvanlardan biri olan Xəzər nərəsinin populyasiyasını bərpa edə biləcəyik. Bu yaxınlarda biz Vyaçeslav Fetisovla birlikdə Azərbaycanda nərə balıqlarını Xəzər dənizinə buraxdıq. İnsan bunu öz əli ilə edəndə keçirdiyi hissləri sözlə ifadə etmək çətindir”.

Leyla Əliyeva ümidvar olduğunu bildirib ki, birliyin üzvləri ağacəkmə aksiyası keçirəcəklər. Leyla Əliyeva deyib: “Bu günə qədər IDEA Azərbaycanda 5 milyondan çox ağac əkib. IDEA suya qayğıkeş münasibət və plastik tullantıların ətraf mühitə təsiri mövzusunda seminarlar keçirir. Ən başlıcası, hər birimiz yadda saxlamalıyıq ki, əgər biz öz həyat tərzimizə bəzi dəyişikiliklər etsək, onda özümüz təbiətin və planetin qorunmasına çox böyük töhfə verə bilərik”.

Leyla Əliyeva vurğulayıb ki, RAGB-in qapıları milliyyətindən, dini etiqadından və yaşından asılı olmayaraq hər kəsin üzünə həmişə açıqdır. Leyla Əliyeva sonda deyib: “Bu qapılar xeyirxah işlər görməyi, dünyamızın daha parlaq və daha yaxşı olmasını arzu edən hər kəs üçün açıqdır. Biz bir insana yaxşılıq edəndə, ilk növbədə, özümüzə hədiyyə edirik. Arzum budur ki, biz həmişə birlikdə olaq və dostluğumuzu genişləndirək. Ən başlıcası, hər birimiz özümüzə inanaq, öz qəlbimizin səsini eşidək, heç vaxt ümidsizliyə qapılmayaq və ruhdan düşməyək. Yadda saxlayın, səhvlər onun üçündür ki, biz daha yaxşı olaq, axı həqiqətən, səhv etməyən insan irəliyə getmir. Özünüzə, bizə, yaxşılığa, işığa, sevgiyə inanın. Həyata inanın, çünki bu, bizim malik olduğumuz ən qiymətli nemətdir. Tanrı bizim hamımıza cansağlığı, xoşbəxtlik və bol sevinc bəxş etsin. Tanrı bizim ölkələrimizə uğurlar və firavanlıq bəxş etsin!”

M.V.Lomonosov adına MDU-nun rektoru Viktor Sadovniçi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və BMT-nin Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov tədbirdə çıxış ediblər.

Mədəniyyət Günü çərçivəsində RAGB fəallarının mükafatlandırılması mərasimi keçirilib. Leyla Əliyeva fərqlənənlərə “RAGB-in ən fəal könüllüsü”, “RAGB-in ən uğurlu idmançısı”, “Ən yüksək müvəffəqiyyət dərəcəsi olan tələbə”, “Ən fəal regional bölmələr”, “Təşkilatın həyatında səmərəli fəaliyyətinə görə” nominasiyalarında xatirə diplomları təqdim edib.

Bayram tədbiri ustad dərslərinin, sərgilərin keçirildiyi, milli atributlar, musiqi alətləri, geyimlər və xalçalarla bəzədilmiş xüsusi fotozonaların təşkil olunduğu bir neçə məkanda davam edib. Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyəti ilə tanış olmaq üçün “AMOR” jurnalının 10 il ərzində çapdan çıxmış nömrələrinin, habelə Azərbaycan klassiklərinin kitablarının təqdim edildiyi oxucu guşəsi yaradılıb.

Tədbir “Qolos” layihəsinin finalçısı Emil Qədirovun, “Qolos deti” şousunun finalçısı Azər Nəsibovun, “Qarabağ” rəqs ansamblının iştirakı ilə açıq səma altında konsertlə başa çatıb.