Azərbaycanda ilk dəfə inklüzivlik hakatonu təşkil edilib
28/06/2019

Azərbaycanda ilk dəfə inklüzivlik hakatonu təşkil edilib.

İyunun 28-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkil etdiyi mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

İnklüzivlik hakatonu ideya və açıq mənbədən olan həll yollarını təklif edə biləcək insanların bir araya gətirilməsi deməkdir. Həll yolları dedikdə tətbiqi proqramlar, veb-saytlar, elektron məhsullar kimi müxtəlif innovativ xidmətlər nəzərdə tutulur.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti Leyla Əliyevanın inklüziv ideyaların ilk carçısı olduğunu və onun daim bu cür layihələrə dəstək göstərdiyini deyib. “İnklüzivliyi bizi birləşdirən amil kimi görək”, - deyən Alessandro Frakassetti texnologiyalara dövrümüzün həll variantı kimi yanaşmağı tövsiyə edib və müsabiqəni “inklüzivliyin çempionatı” adlandırıb.

Sonra Leyla Əliyeva yarışmanın başlamasını bildirən rəmzi düyməni basıb və müsabiqəyə start verilib. On altı komandadan ibarət hakaton iştirakçıları fasiləsiz olaraq 48 saat ərzində öz ideyalarını praktiki prototiplərə çevirmək üçün təlimatçılar qrupu ilə işləyəcəklər. Təlimatçılar iştirakçı qruplara dəstək göstərəcək və ən yaxşı mümkün həll yollarının işlənib hazırlanmasına kömək edəcəklər. Həyəcanlı təlim modulları və gərgin iş dolu üçgünlük intensiv proqramın sonunda innovasiya, inklüzivlik və texnologiya sahələrində səriştəsi olan milli və beynəlxalq ekspertlərdən ibarət münsiflər heyəti ayrı-ayrı qrupların hazırladıqları modelləri nəzərdən keçirəcək və hansı ideyanın qalib gəldiyinə dair yekun rəy bildirəcəklər. Qalib gələn ideya 5 min manat məbləğində mükafat alacaq və üç ay müddətində ideyanın tətbiqi tamamlanacaq.