Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Nərimanov rayonunda yaradılan Uşaq Psixonevroloji Mərkəzində olub. Burada yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqlarla görüşən Leyla Əliyeva onların şəraiti ilə maraqlanıb, uşaqların Yeni il bayramı üçün hazırladıqları səhnəciklərə tamaşa edib.
Uşaqlara Heydər Əliyev Fondunun bayram hədiyyələri paylanıb.
Mərkəzdə yaradılmış şəraitlə maraqlanan Leyla Əliyevaya məlumat verilib ki, 100 çarpayılıq Mərkəzdə uşaqların yaşayışı, müalicəsi, xüsusi təhsilə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Mərkəzdə psixoloq, okulist, psixonevroloq, kiçik manupulyasiya, nevropotoloq-loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları var. Burada autizm, uşaq serebral iflici və formaları, əqli gerilik və ləngimələr, onun təzahürlərindən əziyyət çəkən uşaqlar müalicə olunurlar. Mərkəzdə bu sahədə dünyada tətbiq olunan müasir proqramlardan istifadə edilir. Bunun üçün burada bütün lazımi avadanlıq var. Uşaqların müalicəsi, təlim-tərbiyəsi ilə tibbi, pedaqoji və texniki heyət məşğul olur.
Leyla Əliyeva balacalarla söhbətləşib, onların istək və arzuları ilə maraqlanıb.
x x x
Həmin gün Leyla Əliyeva paytaxtın Nizami rayonundakı 1 nömrəli uşaq evində də olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlara hədiyyələr təqdim edib.
Qeyd edək ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı 2004-cü ildən bu uşaq evinə hərtərəfli dəstək göstərir. 2005-ci ildə bu uşaq evi Fondun təşəbbüsü ilə yenidən qurulub.
Qonaqlar kiçik yaşda olan uşaqların qrupunda da olublar. Burada 3 yaşdan 18 yaşadək 140 uşaq yaşayır.
Leyla Əliyeva uşaqlarla xatirə şəkli çəkdirib.
Uşaq evində kompyuter otağı da fəaliyyət göstərir. Rəsm otağı ilə tanışlıq zamanı bildirilib ki, burada təlim-tərbiyə alan balacalar arasında çoxlu istedadlı uşaqlar var. Heydər Əliyev Fondunun dəstəyi ilə balacalar Almaniya, Macarıstan, Türkiyə, Gürcüstan, Belarus və digər ölkələrdə keçirilən müxtəlif beynəlxalq yarış, festival, müsabiqə və tədbirlərdə iştirak edib, diplomlar və mükafatlar qazanıblar.
Leyla Əliyeva uşaq evinin sərgi studiyasında da olub. Uşaqların əl işləri ilə tanışlıq zamanı burada xalçaçılıq, rəssamlıq, informatika, kompyuter və digər dərnəklərin fəaliyyət göstərdiyi onun nəzərinə çatdırılıb. Uşaq evinin sakini Əli Cəlilov toxuduğu xalçanı Prezident İlham Əliyevin ad günü münasibətilə Leyla Əliyevaya təqdim edib.
Daha sonra Leyla Əliyeva 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş qızlar yataqxanasında olub. Burada çay süfrəsinə qonaq olan Leyla Əliyeva qızlarla söhbət edərək onlara Yeni ildə uğurlar arzulayıb.
Yataqxanada 50 mənzil var və burada 18 yaşı tamam olandan sonra uşaq evindən ayrılan 100 qız yaşayır.