Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
17/08/2019

Avqustun 17-də dünya şöhrətli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 77-ci ildönümü günündə Mədəniyyət Nazirliyinin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri birinci Fəxri xiyabana gələrək unudulmaz sənətkarın məzarını ziyarət ediblər.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Anım mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə hamı tərəfindən sevilən, görkəmli müğənni, tanınmış vokal ifaçısı Müslüm Maqomayevin zəngin yaradıcılığından bəhs edib.

Müğənninin həyat yoldaşı Tamara Sinyavskaya çıxış edərək Azərbaycanda Müslüm Maqomayevin xatirəsinin daim əziz tutulduğunu, onun dərin məhəbbətlə anıldığını bildirib.

Leyla Əliyeva qeyd edib ki, illər ötdükcə Müslüm Maqomayevi daha yaxşı anlayır və yaradıcılığını daha yaxşı qiymətləndirirsən. “O, hədsiz dərəcədə xeyirxah insan, böyük şəxsiyyət, incəqəlbli, səxavətli idi. Hətta onun barəsində keçmiş zamanda danışmaq istəmirsən, çünki o, indi də yaşayır. O, bu gün də bizimlədir”,- deyə Leyla Əliyeva vurğulayıb.

Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Sergey Stepanov bildirib ki, Müslüm Maqomayev aramızdan getsə də, nəfəsi duyulur. O, arxasınca böyük müğənni ordusu aparır, bir növ onlara yol göstərir. Müslümün səviyyəsinə çatmaq çox çətindir.

Xalq artisti, kinorejissor Eldar Quliyev görkəmli müğənninin həyat və yaradıcılığından danışıb.