Leyla Əliyeva 11 yaşlı Marinanın arzusunu yerinə yetirib
13/01/2011

Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun nümayəndələri Yeni il ərəfəsində 11 yaşlı Marina Marçenkoya Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın adından hədiyyə olaraq halici - Şərq rəqsləri ifa etmək üçün libas bağışlayıblar.

Bu barədə Yekaterinburqun əsas mətbu nəşri olan “Oblastnaya qazeta”da dərc edilmiş məqalədə məlumat verilir. Lidiya Sabaninanın “Marina üçün halici” adlı məqaləsində deyilir ki, Leyla Əliyeva bu yaxınlarda Sverdlovsk vilayətində səfərdə olarkən 1 nömrəli Vilayət uşaq klinik xəstəxanasının onkohemotoloji mərkəzinə baş çəkib və balaca Marina ilə orada tanış olub.

Qəzet yazır: “Qızcığaz mavi rəngli qəşəng halicini görəndə çox sevindi – bu Şərq libasını bəzəyən çoxsaylı detalları diqqətlə nəzərdən keçirdi, hətta onu əyninə geyib şərq rəqsinə xas bir-iki hərəkət nümayiş etdirdi”. Məqalədə Marinanın anası Tatyana Petrovnanın sözlərinə də yer verilib. Leyla Əliyeva ilə görüşün onlar üçün gözlənilməz, lakin çox xoş və mühüm hadisə olduğunu vurğulayan Tatyana Petrovna deyib: “Onun bizə səmimi diqqətini, qayğısını və dəstəyini hiss etdik”.

Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov qəzetə müsahibəsində artıq bu ilin payızında həkimlərin Marinanın Bakıya getməsinə icazə verəcəklərinə ümid etdiyini, Marinanın və anasının şərqlilərə xas qonaqpərvərliklə qarşılayacaqlarına əmin olduğunu bildirib: “Biz bu səfəri daha tez təşkil etməyə hazırıq, lakin həkimlər deyir ki, indi qızdan ötrü əsas məsələ onun müalicəsidir. Hələlik isə biz bu balaca qızı xatırlayan və onun taleyini izləyən Leyla Əliyevanın tapşırığını yerinə yetirməyimizə, onun sürprizini çatdırmağımıza şadıq. Leyla Əliyevanın 1 nömrəli Vilayət uşaq klinik Xəstəxanasının onkoloji mərkəzinə səfərinin mühüm yekunlarından biri bu olub ki, indi biz Azərbaycan və Ural onkoloqları arasında təcrübə mübadiləsini qaydaya salırıq. Bu yaxınlarda Yekaterinburqdakı 6 nömrəli ixtisaslaşdırılmış uşaq evindən Azərbaycanın baş konsulu kimi mənə zəng vuraraq, 15 min dollar məbləğində xeyriyyə ianəsinə görə ürəkdən təşəkkür ediblər. Bu vəsait Leyla Əliyevanın həyat yoldaşı, musiqiçi və biznesmen Emin Ağalarovun Yekaterinburqda verdiyi konsertdən toplanıb. Leyla xanım Heydər Əliyev Fondunun nümayəndəsi kimi Rusiyanın bölgələrində tez-tez olur, təhsil, səhiyyə sahəsində layihələr həyata keçirir, xeyriyyəçiliklə məşğul olur. Mən çox şadam ki, irili-xırdalı işlər, hökumətlər səviyyəsində qurulan əlaqələr, adi insani münasibətlər sayəsində ölkələrimiz arasında dostluq telləri möhkəmlənir...”.