Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
26/08/2019

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisi təşkil olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və bir çox tanınmış şəxslərin izlədikləri yürüşdə 1980-ci ilədək istehsal olunmuş avtomobillər iştirak edib. Onların arasında yürüş üçün qeydiyyatdan keçmiş şəxsi nəqliyyat vasitələri, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları sırasında olan nəqliyyat vasitələri də yer alıb.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürən yürüşdə 100-dən çox klassik avtomobil iştirak edib.

Avtomobillər şəhərin müasirliklə qədimiliyin vəhdət təşkil etdiyi mərkəzi küçələri və prospektləri ilə yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunub.

Yürüş-sərgidə “Ford Model A” (1930), “Fiat Balilla” (1933), “Mercedes Benz 220 B Cabrio” (1952), “Chevrolet Corvette” (1960), “Cadillac Eldorado” (1974), “VAZ 21011” – milis (1973), “Qaz 13”- Çayka (1975) və sair kimi nadir nümunələr iştirak edib.

Bakı sakinləri və qonaqlar nadir avtomobil modellərini maraqla izləyiblər.

Tədbir çərçivəsində keçirilən klassik geyimlərin müsabiqəsi də tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.