İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində rusiyalı professor Aleksey Sitnikovun “Karmalogic (Karma məntiqi). Taleyin 54 qanunu” mövzusunda mühazirəsi keçirilib.
Mühazirəni dinləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.
Mühazirəsinin əvvəlində Aleksey Sitnikov deyib: “Bu gözəl, öz möcüzəli təmizliyi, mədəniyyəti, tarixi, müasirliyi ilə insanı valeh edən Bakı şəhərinə dəvət edildiyimə görə təşəkkürümü bildirirəm. Təəccüblü deyil ki, məhz bu şəhərdə müdrikliyin və sənətin təntənəsini Nəsimi festivalında qeyd edirik. Nəsimi öz həyatı ilə düşüncənin dəyərlərə, dünyagörüşünə, tarixə söykəndiyini sübut edib. Buna görə də bu festivalın təşkilatçılarına heyranlıqla təşəkkür etmək istəyirəm”.
Rusiyalı alim taleyə münasibətdə dini, magik, okkultist, karma, rasionalist modelləri qeyd edib. Hər bir model haqqında ətraflı məlumat verən məruzəçi insan taleyi ilə bağlı bir sıra qanunları diqqətə çatdırıb. Professor Aleksey Sitnikovun fikrincə, məqsəd insan taleyində mühüm amildir. “Əgər insanın məqsədi olmasa, onu başqası idarə edəcək”, - söyləyən mühazirəçi, həmçinin şübhə, xaos, ölüm, hazırlıq, bacarıq və digər qanunlar haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, qərar qəbulundan sonra şübhə yolverilməzdir. “Heç bir kurs, mühazirə, kitab insanı lider etmir. İnsanı lider edən həyatdır”, - söyləyən professor fikrini həyati misallarla əsaslandırıb. O, daha sonra dinləyicilərin suallarını cavablandırıb.
Aleksey Sitnikov 1962-ci ildə Novosibirskdə anadan olub. Onun təhsil tarixçəsinə Novosibirsk Dövlət Universiteti (ixtisas - insan psixologiyası), Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyasında aspirantura və doktorantura, Dövlət İdarəetmə Akademiyasında doktorluq, Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetində MBA təhsilləri daxildir. O, Moskva Dövlət Universitetinin, Rusiya Dövlət Xidməti Akademiyasının, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun, Dövlət İdarəetmə Akademiyasının, Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin professorudur. Altmışdan çox nəşr və tədqiqatın, 11 monoqrafiya daxil olmaqla, psixologiya, akmelogiya, siyasi elmlər, PR üzrə təcrübi işlərin müəllifi və həmmüəllifidir. Rusiyanın ən böyük tədqiqat mərkəzi İSANT-ın (Vəziyyət Təhlili və Yeni Texnologiyalar İnstitutu) təsisçisidir.