Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
İyunun 5-də Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə onun adını daşıyan bağın təntənəli açılışı olub.
Mərasimi açan Leyla Əlyeva bildirib ki, Nizami Gəncəvi adına bağın açılışı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə Sankt-Peterburq Administrasiyasının daha bir layihəsidir. “2002-ci il iyunun 9-da XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkirinin Sankt-Peterburqda abidəsinin açılışında prezidentlər Heydər Əliyev və Vladimir Putin iştirak etmişdilər”, - deyə Leyla Əliyeva xatırladıb.
Bakıda hazırlanmış abidə Azərbaycan xalqının Sankt-Peterburqa hədiyyəsi olub. Nizaminin obrazını Azərbaycan heykəltəraşı, V.Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbini məzunu Qəyruş Babayev yaradıb. Bu il şairin anadan olmasının 870 illiyi tamam olur. Bununla əlaqədar, Fondun nümayəndəliyinin hamiliyi ilə bağda qranitdən nadir skamyalar və Nizaminin əsərlərindən fraqmentlər təsvir olunmuş pannolar qurulub, şairin abidəsi bərpa olunub. Sankt-Peterburq qubernatorunun qərarı ilə bağa Nizami Gəncəvinin adı verilib.
Göstərdiyi dəstəyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirən Leyla Əliyeva Heydər Əliyev Fondu və Sankt-Peterburq Administrasiyasının gələcəkdə hələ xeyli maraqlı layihələr həyata keçirəcəklərinə əminliyini ifadə edib.
Sankt-Peterburqda Nizamiyə abidə ucaldılmasının tarixçəsindən söz açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə bildirib ki, Şimal paytaxtının ziyalıları Böyük Vətən müharibəsinin ən ağır illərində dahi şairin 800 illik yubileyini qeyd ediblər. Şairə bu qayğıkeş münasibəti Azərbaycan xalqının heç vaxt unutmayacağını vurğulayan səfir Sankt-Peterburqda onun abidəsinin ucaldılmasında iştirak edənlərə və bu ideyanı dəstəkləyənlərə minnətdarlığını bildirib: “Bu abidə və bağ Azərbaycan və Rusiya arasında olan dostluğu, yaxşı münasibətləri təcəssüm etdirir”.
Sankt-Peterburq hökumətinin Mədəniyyət Komitəsi sədrinin müavini Aleksandr Platunov sözügedən hadisənin Sankt-Peterburq sakinləri üçün əhəmiyyətindən, Rusiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsində oynadığı roldan söz açıb.
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun mavini İlqar Hacıyev iki xalq arasında dostluğu və qarşılıqlı anlaşmanı möhkəmləndirmək üçün belə aksiyaların böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov bağın açılışını Şimal paytaxtında Azərbaycan icmasının həyatında əlamətdar hadisə adlandıraraq Heydər Əiliyev Fondunun Rusiya nümayəndəliyi Rusiyada çeşidli layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Əfsanəvi Fərman Salmanovun abidəsinin, “Nevski pyatoçok” deyilən ərazidə qəhrəman azərbaycanlıların xatirəsinə stelanın ucaldılması belə layihələrdəndir. Bu gün isə Nizami Gəncəvinin adını daşıyan bağın açılışıdır. Dəstəyə görə şəhər administrasiyasına minnətdarlığını bildirən Q.Osmanov fikrini belə tamamlayıb: ”Abidə peterburqlulara hədiyyə edilmişdir, bağ da Azərbaycan xalqı adından şəhərlilərə hədiyyədir”.
Sonda Leyla Əlyeva rəmzi lenti kəsərək, dahi Azərbaycan şairinin abidəsi önünə çiçəklər qoyub.