Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Britaniya Şurası (British Council) və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi “Study UK Alumni Awards 2019”un qaliblərinin adlarını açıqlayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Qaliblər üç nominasiya (Peşəkar nailiyyət; Sahibkarlıq mükafatı; Sosial təsir mükafatı) üzrə iş adamı, sahibkar və ictimai xadim kimi əldə etdikləri mühüm nailiyyətlər, eləcə də Böyük Britaniya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığın gücləndirilməsinə verdikləri mühüm töhfələr nəzərə alınmaqla "şort-list"ə düşən 10 namizəd arasından seçilib.
Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tədbirdə çıxış edərək deyib ki, “Study UK” məzun mükafatlarının finalçılarını seçmək çox çətin idi. “Azərbaycanda Böyük Britaniyada təhsil almış və əldə etdikləri bilik və bacarıqlardan ölkələrinin inkişafını dəstəkləmək üçün istifadə edən bir çox istedadlı insan var. Onların hamısını alqışlayır və hər birinə böyük uğurlar arzulayıram”, - deyə o qeyd edib.
"British Council" təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah çıxışında bildirib ki, bu ilin finalçıları yalnız Britaniya məzunlarının müxtəlifliyinin və onların göstərdikləri səylərin deyil, həm də Birləşmiş Krallığın təhsil sisteminin dünyanı dəyişən gücünün dəlilidir.
Təhsil naziri Ceyhun Bayramov bildirib ki, azərbaycanlı tələbələrin dünyanın ən yüksək səviyyəli təhsil müəssisələrində təhsil almaları qürurvericidir. Bu, Böyük Britaniya və Azərbaycan arasında əlaqələrin daha da inkişafına töhfə verir. Bu gün Azərbaycanda təhsilə böyük dövlət qayğısı var. Bu qayğıdan yararlanan gənclərimiz gələcəkdə ölkəmizin daha da inkişafına öz töhfələrini verəcəklər.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə gənclərimizin dünyanın ən qabaqcıl ölkələrinin ali təhsil müəssisələrində təhsil almalarının sevindirici olduğunu deyib.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qalibləri təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Bu nüfuzlu beynəlxalq mükafat Britaniyanın ali təhsil imkanlarını və ölkənin bütün dünyadakı məzunlarının nailiyyətlərini qeyd etmək üçün nəzərdə tutulub. Təqdim edildiyi beşinci ildə bu mükafatı əldə etmək üçün 100-dən çox ölkədən olan və Birləşmiş Krallığın 120-dən artıq ali təhsil müəssisəsini təmsil edən 1200-dən çox Britaniya məzununun ərizəsi daxil olub.
"Study UK Alumni Awards"un hər kateqoriya üzrə qalibi 3000 funt sterlinq (6700 manat) məbləğində mükafat əldə edəcək. Onlar bu vəsaiti öz seçimləri əsasında peşəkar inkişaf imkanlarına sərf edəcəklər.