Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Sankt-Peterburqda “Baku” jurnalının təqdimat mərasimi keçirilib. Tədbir şəhərin mərkəzində yerləşən, Şərq üslubunda tərtib olunmuş “Baku” restoranında baş tutub.
Mərasimdə Sankt-Peterburqda akkreditə edilmiş diplomatik missiyaların rəhbərləri, tanınmış mədəniyyət xadimləri və ictimaiyyətin nümayəndələri, şəhərin biznes elitasının, eləcə də Azərbaycan diasporunun təmsilçiləri iştirak edirdi. Mərasimdə çıxış edənlər ölkəmizə, xalqımıza, jurnalın baş redaktoru Leyla Əliyevaya ünvanlanmış təbriklərini çatdırıblar.
“Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva bu nəşrin konsepsiyası və məqsədləri barədə məlumat verib: ““Baku” jurnalı geniş auditoriya üçün nəzərdə tutulmuşdur. Biz bu jurnal vasitəsilə şəhərimizin bütün gözəlliklərini və hərarətini oxuculara çatdırmağa çalışmışıq. Bakı deyəndə gözlərimiz önündə mülayim iqlimli, günəşli bir şəhər, onun zəngin mədəniyyəti və qədim tarixi canlanır. Güman edirəm ki, bu jurnal Azərbaycanla Rusiya arasında dostluğun möhkəmlənməsinə, mədəni dialoqun inkişafına kömək edəcəkdir. Ümidvaram ki, xalqların qarşılıqlı sevgisindən, tarixindən və dostluğundan bəhs edən bu jurnalı hamı məmnuniyyətlə oxuyacaqdır”.
Leyla Əliyeva bildirib ki, “Baku” siyasi nəşr deyil, burada əsasən mədəniyyət, tarix, müxtəlif maraqlı şəxsiyyətlər haqqında söhbət açılır. Başlıca vəzifə isə ondan ibarətdir ki, bu nəşr Azərbaycanı sevən, ölkəmiz haqqında daha çox məlumat əldə etmək istəyən hər kəs üçün maraqlı olsun. “Baku” jurnalının təkcə Azərbaycan üçün nəzərdə tutulmadığını bildirən baş redaktor Azərbaycanın tolerant dövlət olduğunu, bu ölkədə çoxsaylı millətlərin nümayəndələrinin yaşadığını diqqətə çatdırıb: “Bu jurnal həm də onlar üçün, eləcə də bütün başqa millətlər və xalqlar üçündür. Jurnalın növbəti nömrəsi martın 15-də çapdan çıxacaq və güman edirəm ki, arzu edənlərin hər biri onu əldə edə biləcəkdir. Mən çox istərdim ki, “Baku” jurnalı bütün Rusiyada, gələcəkdə isə bütün MDB məkanında populyar olsun”.
Sonra Leyla Əliyeva Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu ad günü münasibətilə təbrik edib və ona gül dəstəsi verib.
Dünya şöhrətli böyük rus müğənnisi, SSRİ xalq artisti, Lenin mükafatı və SSRİ Dövlət mükafatı laureatı Yelena Obraztsova “Baku” jurnalının nəşrini çox mühüm hadisə adlandıraraq, onun səhifələrində Sankt-Peterburq barəsində də materiallar dərc edilməsi arzusunu bildirib.
Sankt-Peterburq administrasiyasının mədəniyyət komitəsinin sədri Nikolay Burov jurnalın gözəl tərtib olunmaqla bərabər, məzmunca da zəngin olduğunu qeyd edib: “İctimai-siyasi, ədəbi-bədii nəşr üçün çox düzgün istiqamət seçilmişdir. Orada hər şey var – bir qədər reklam, çoxlu tarixi məlumat, tanınmış mədəniyyət xadimlərinin gözəl fotoşəkilləri... Jurnalın rus dilində nəşr edilməsi isə çox mühümdür”.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov qonaqlara “Baku” jurnalının layihəsinə göstərdikləri diqqətə və mərasimdə iştirak etmələrinə görə təşəkkürünü bildirib, bu nəşrin xalqlarımız arasında bir növ körpü olacağını, oxuculara ölkəmiz, onun mədəniyyəti və bənzərsiz özəllikləri ilə daha yaxından tanış olmağa imkan verəcəyini söyləyib.
Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu isə səmimi qəbula və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar layihələrini dəstəklədiyinə görə Sankt-Peterburq qubernatoru Valentina Matviyenkonun şəxsində şəhər rəhbərliyinə təşəkkür edib. Səfir Leyla Əliyevaya da minnətdarlığını bildirərək onun iki ölkənin mədəniyyətlərinin yaxınlaşması üçün qısa müddətdə çox iş gördüyünü söyləyib: “Bu gün biz müxtəlif suveren dövlətlərdə yaşayırıq, lakin xalqlarımız arasında böyük dostluq, qarşılıqlı hörmət münasibətləri, Rusiya mədəniyyətinə, Azərbaycanda əvvəlki səviyyədə qorunub saxlanan rus dilinə hörmət hissləri qalmışdır. “Baku” jurnalının rus dilində nəşr edilməsi də bu münasibətin göstəricisidir. Bu jurnal xalqlarımızın, mədəniyyətlərimizin yaxınlaşması üçün hələ çox iş görəcəkdir. Bu, bizim həmişə yanaşı, həmişə bir yerdə olmağımızın rəhnidir”.
Sankt-Peterburqdakı Azərbaycan milli-mədəni muxtariyyətinin sədri Vaqif Məmişov bildirib ki, Azərbaycan nümayəndə heyətinin Neva sahilindəki şəhərə səfəri və burada “Baku” jurnalının təqdimat mərasiminin keçirilməsi xalqlarımız arasında etimadın daha da möhkəmlənməsinə xidmət edəcək çox böyük hadisədir.
Tarixi abidələrin qorunması üzrə komitənin sədr müavini Olqa Taratınova, Ukraynanın baş konsulu Nikolay Rudko, tatar diasporunun nümayəndəsi Əlfiyyə Raxmatulina, “Yevropa” hotelinin baş direktoru Tomas Noll və başqaları öz çıxışlarında “Baku” jurnalının təqdimatının Sankt-Peterburqun mədəni həyatında mühüm hadisə kimi mədəni dialoqun inkişafı üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Mərasimdə qonaqlara “Baku” jurnalının nüsxələri təqdim edilib, eləcə də jurnala abunə yazılmaq üçün vizit vərəqələri arasında “uduş tirajı” keçirilib.
“Mebel İspanii” şirkətinin baş direktoru Yevgeni Simonov jurnala pulsuz abunə yazılmaq hüququ qazanıb. Təqdimat gecəsində ölkəmizin mədəniyyəti və ənənələri barədə bilik müsabiqəsi də keçirilib, onda fərqlənənlərə hədiyyələr təqdim edilib.
Qonaqlar foyedə rəssamlardan Sənan Ələsgərovun və Vladislav Loktevin Azərbaycana həsr edilmiş işləri ilə tanış olublar.