Sankt-Peterburqun qubernatoru Valentina Matviyenko Leyla Əliyeva ilə görüşüb
06/06/2011

Sankt-Peterburq Azərbaycanla humanitar əlaqələri möhkəmləndirir. İyunun 6-da Smolnıda Sankt-Peterburqun qubernatoru Valentina Matviyenko Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva ilə görüşüb. Görüş Leyla Əliyevanın RAGT-ın yaradılmasının ikinci ildönümü ilə əlaqədar bu şəhərə səfəri çərçivəsində baş tutub.

Leyla Əliyeva Valentina Matviyenkoya RAGT-ın Sankt-Peterburqda keçirilən konfransı çərçivəsində bu şəhərin Kamennoostrovsk prospektində Nizami Gəncəvinin adını daşıyan bağın açılışı barədə məlumat verib. Bu hadisə şairin anadan olmasının 870-ci ildönümünə həsr olunub. Bundan əlavə, RAGT və Sankt-Peterburqdakı 163 nömrəli məktəb arasında humanitar əməkdaşlıq barədə müqavilə imzalanıb.

Valentina Matviyenko Sankt-Peterburq və Azərbaycan, Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsi istiqamətində gördüyü işlərə görə Leyla Əliyevaya minnətdarlığını bildirib: “Belə mədəni layihələr vasitəsilə xalqlarımız bir-birinə daha yaxın olur, gənclər daha fəal surətdə dostluq edirlər”.

V.Matviyenko Peterburqun Rusiyanın şimal paytaxtı ilə Azərbaycan arasında tarixən mehriban dostluq əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd edib.

Qubernator Heydər Əliyev Fondunun və RAGT gənclər təşkilatının təhsil sahəsində əməkdaşlığını inkişaf etdirmək təşəbbüsünü dəstəkləyib.

Həmin gün Leyla Əliyeva Sankt-Peterburqun ən qədim təhsil ocaqlarından biri olan 163 nömrəli orta məktəbdə bu şəhərin təhsil komitəsi sədrinin birinci müavini Natalya Putelovskaya ilə də görüşüb. O, Heydər Əliyev Fondunun təhsilin inkişafı ilə bağlı hazırlayıb həyata keçirdiyi layihələrdən danışıb, Azərbaycanda rus dilinə və ədəbiyyatına göstərilən qayğını diqqətə çatdırıb. RAGT sədrinin sözlərinə görə, onun rəhbərlik etdiyi qurum 163 nömrəli orta məktəbdə ölkələrimiz arasında dostluq münasibətlərini əks etdirən mədəni təhsil mərkəzi yaratmağı planlaşdırır.

Sankt-Peterburq Şəhər Təhsil Komitəsi sədrinin birinci müavini Natalya Putelovskaya Heydər Əliyev Fondunun təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirib, 163 nömrəli orta məktəbdə yaradılacaq mədəni təhsil mərkəzinin ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına xidmət edəcəyini vurğulayıb.

Görüşdə RAGT ilə 163 nömrəli məktəb arasında humanitar əməkdaşlıq barədə müqavilə imzalanıb.