Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Dekabrın 29-da Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Distant Bilik” mərkəzinin rəhbəri Fuad Ağayevin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidentinə müəssisədə aparılan müalicə prosesi barədə məlumat verildi.
Leyla Əliyeva bu səhiyyə müəssisəsində tətbiq edilən distant təhsil layihəsi ilə tanış oldu. Səhiyyə və Təhsil nazirliklərinin dəstəyi ilə reallaşan layihə xüsusi ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli ümumi təhsil almaq hüququnu təmin etmək, həmçinin leykemiya xəstəsi olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların informasiya-kommunikasıya texnologiyaları biliyinin artırılmasına nail olmaq və potensiallarını nümayiş etdirmək üçün şərait yaratmaq məqsədi daşıyır. Uşaqlar müalicə almaqla yanaşı, burada olduqları müddətdə təhsillərindən də geri qalmır və dərslərinə davam edirlər.
Bildirildi ki, ölkənin hematologiya və transfuziologiya sahəsi üzrə baş müəssisəsi olan bu müalicə ocağında xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunub.
Uşaqların bayramla əlaqədar hazırladıqları maraqlı çıxışlar, səsləndirdikləri mahnılar, ifa etdikləri rəqslər tədbirə xüsusi rəng qatdı. Bayram şənliyində Şaxta babanın iştirakı uşaqlar tərəfindən sevinclə qarşılandı.
Leyla Əliyeva balacaların müalicəsi ilə maraqlandı, onlarla görüşdü və valideynləri ilə söhbət etdi.
Heydər Əliyev Fondunun vitse-prezidenti balacaların tezliklə sağalmasını arzuladı, onlara hədiyyələr təqdim etdi.
Tədbirin sonunda şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.