Leyla Əliyeva Berlində “Bakıya uçuş” sərgisinin açılışında iştirak edib

Video

Leyla Əliyeva Berlində “Bakıya uçuş” sərgisinin açılışında iştirak edib

Leyla Əliyeva Berlində “Bakıya uçuş” sərgisinin açılışında iştirak edib
02/11/2012

Almaniya paytaxtının məşhur “Collectors room” sərgi mərkəzində Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin və “Baku international” jurnalının birgə təşkilatçılığı ilə “Bakıya uçuş” müasir Azərbaycan incəsənət sərgisinin açılış mərasimi keçirilib. Noyabrın 17-dək davam edəcək sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Berlində Azərbaycan incəsənəti sərgisinə çox böyük maraq var idi. Sərginin açılışına Almaniyanın nüfuzlu şəxsləri, ictimai xadimləri, incəsənət adamları, dünyanın müxtəlif ölkələrindən qonaqlar gəlmişdilər.

Açılış mərasimində çıxış edən Leyla Əliyeva “Bakıya uçuş” sərgisi haqqında qonaqlara məlumat verib, indiyədək bu sərginin dünyanın müxtəlif paytaxtlarında, o cümlədən Londonda, Parisdə keçirildiyini və böyük maraqla qarşılandığını söyləyib.

Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin və “Baku international” jurnalının təşkilatçılığı ilə Berlində keçirilən sərgi çox zəngindir. Burada Azərbaycanın müasir incəsənətinin faktiki olaraq bütün istiqamətləri öz əksini tapıb. Sərgidə 21 sənət adamının 94 işi nümayiş etdirilir.

Leyla Əliyeva bu gün bütün dünyanı sürətli inkişafı və çiçəklənməsi ilə heyran qoyan Azərbaycanın qədim və zəngin tarixə malik ölkə olduğunu bildirdi. Azərbaycanlıların bütün müsəlman Şərqində ilk demokratik respublika qurduqlarını, Şərqdə ilk baleti, operanı yaratdıqlarını və bu cür bir sıra böyük nailiyyətlərə imza atdıqlarını söylədi, Azərbaycanı tanımaq üçün Heydər Əliyev Fondunun, “Baku” jurnalının mühüm işlər gördüyünü bildirdi: “Azərbaycan elə bir ölkədir ki, burada müxtəlif mədəniyyətlər, millətlər və dinlər sülh şəraitində vahid bir ailə kimi yaşayırlar. Biz bu faktdan çox qürur duyuruq. Şübhəsiz ki, incəsənət Azərbaycan həyatının və mədəniyyətinin əhəmiyyətli bir hissəsidir. Sizin hər birinizi Azərbaycana dəvət edirəm. Gəlin ölkəmizi özünüz üçün kəşf edin”.

Sonra sərginin kuratoru Erve Mikaeloff, Vaymar Musiqi Universitetinin prezidenti Kristof Ştözl dünyanın müxtəlif ölkələrində keçirilmiş “Bakıya uçuş” sərgisinin Berlində də təşkil olunmasının Azərbaycanı dünyaya müasir, inkişaf edən və zəngin mədəni irsə malik ölkə kimi tanıtdığını bildirdilər.