Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi Parisdə qeyd edilib
27/10/2012

Oktyabrın 27-də Parisin “Salle Pleyel” sarayında Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva mərasimdə çıxış edərək 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin keçdiyi inkişaf yolundan danışdı. “Bu gün Azərbaycan dünya xəritəsində layiqli yerini tutub və sürətlə inkişaf edir”, - deyən Heydər Əliyev Fondunun prezidenti müstəqillik illərində Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin inkişaf etdiyini bildirdi.

Mehriban Əliyeva dedi: "Müstəqillik dövründə Fransa-Azərbaycan əlaqələri hərtərəfli inkişaf etmişdir. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Bu ilin sentyabr ayında Azərbaycanın və Fransanın dövlət başçılarının görüşü bu münasibətlərin strateji xarakterini bir daha təsdiqlədi.

Biz beynəlxalq arenada qarşılıqlı anlaşma əsasında əməkdaşlıq edirik. Ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bu əlaqələri tamamilə yeni yüksək səviyyəyə çıxardı".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Mehriban Əliyeva münaqişənin həllinin Azərbaycan-Fransa gündəliyində üstünlük təşkil etdiyini vurğuladı. Bildirdi ki, ölkələrimiz arasında iqtisadi əlaqələr də sürətlə inkişaf edir. Qarşılıqlı ticarət dövriyyəsi 4 milyard avroya yaxınlaşıb və bu gün Azərbaycanda 30-dan çox fransız şirkəti fəaliyyət göstərir.

Azərbaycanın birinci xanımı ölkələrimiz arasında inkişaf edən mədəni-humanitar əməkdaşlığın da uğurlu olduğunu dedi. Mehriban Əliyeva ümidvar olduğunu bildirdi ki, Azərbaycan-Fransa əlaqələri gələcəkdə də uğurla inkişaf edəcək.

Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düpon mərasimdə çıxış edərək bildirdi ki, ölkələrimizin ikitərəfli əlaqələri 20 ildə böyük inkişaf yolu keçib. Ambruaz  Düpon Prezident İlham Əliyevin Fransaya səfərlərinin ölkələrimizin münasibətlərində yeni səhifə açdığını söylədi. Hazırda Fransa-Qafqaz dostluq qrupuna 30 senatorun daxil olduğunu deyən Düpon Mehriban Əliyevanın Milli Məclisdə Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri kimi mühüm fəaliyyət göstərdiyini vurğuladı.

Ambruaz Düpon Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsində əlaqələrin inkişafına verdiyi töhfələrin də yüksək qiymətləndirildiyini bildirdi.

Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Fransanın Kolonn orkestri əməkdar artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan və Fransa bəstəkarlarının əsərlərini ifa etdi.

Konsertdə Fransanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.