Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada Azərbaycan Mədəniyyət Mərkəzi açılıb
19/10/2011

Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi olub. M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzi Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə MDB ölkələrində yaradılmış ilk mədəniyyət mərkəzidir.

Kitabxananın direktorunun beynəlxalq əlaqələr üzrə müavini Svetlana Qoroxova Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını çox mühüm və əlamətdar hadisə adlandırıb: “Bu gün biz Moskvada Azərbaycan Mədəniyyət Mərkəzi açırıq. Bu, təkcə Moskva üçün deyil, bütün Rusiya üçün mühüm hadisədir. Bu hadisənin unikallığı həm də ondan ibarətdir ki, bu, Xarici Ədəbiyyat Kitabxanasında ilk mədəniyyət mərkəzidir. Bu, MDB üzvü olan ölkənin – Azərbaycanın ilk mədəniyyət mərkəzidir. Azərbaycanla bizi çox qədim və uzunmüddətli mədəni əlaqələr bağlayır, mədəni mübadilə sahəsində bizim indiki münasibətlərimiz əladır, gələcək münasibətlərimiz isə daha parlaq olacaqdır. Bu mərkəzin yaradılması ideyası Azərbaycanın Rusiyadakı səfirinə və bizim direktor Yekaterina Qeniyevaya məxsusdur. Belə bir müştərək layihə onların təklifidir. Heydər Əliyev Fondu bu təklifi bəyənmiş və dəstələmiş, nəticədə mərkəzin yaradılması reallığa çevrilmişdir”.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasiminə toplaşanları salamlayaraq, bu layihənin həyata keçirilməsinə göstərilən dəstək üçün kitabxananın rəhbərliyinə təşəkkür edib. “Rəmzi haldır ki, Azərbaycan Mədəniyyət Mərkəzi məhz Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü bayram edilən günlərdə açılır. 1991-ci il oktyabrın 18-də dünya xəritəsində yeni suveren dövlət yarandı. Mən sizin hamınızı bu bayram münasibətilə təbrik etmək istərdim. Bu 20 ildə Azərbaycan sürətlə inkişaf etmiş və çiçəklənmişdir. Bu gün biz mədəniyyətlərimizin, xalqlarımızın yaxşılaşması istiqamətində daha bir addım atırıq. Ümid edirəm ki, bu mərkəz yaşından, milliyyətindən asılı olmayaraq bizim ölkəmizin zəngin mədəniyyəti və qədim tarixi ilə daha yaxından tanış olmaq istəyənlərin hamısı üçün maraqlı olacaqdır. Biz bu mərkəzdə Azərbaycan haqqında kitablar, filmlər, disklər, hər cür informasiya toplamışıq, burada Azərbaycanın böyük yazıçı, şair, rəssam və bəstəkarlarının yaradıcılığı ilə tanış olmaq, ölkəmizin təbiətinin gözəlliklərini, Bakı şəhərinin nadir memarlığını görmək mümkündür. Biz burada yaradıcılıq axşamları, sərgilər, seminarlar maraqlı və məşhur azərbaycanlılarla görüşlər keçirməyi planlaşdırırıq. Əlbəttə, burada Azərbaycan dili, tarixi və ədəbiyyatı dərsləri də keçəcəyik. Bu dərsləri Azərbaycan dilinin daşıyıcıları olan, Bakıdan dəvət edilmiş müəllimlər keçəcəklər. Mən ürəkdən inanıram ki, qonaqlarımızın sayı günbəgün artacaq və bizim qapılar həmişə hamının üzünə açıq olacaqdır”, - deyə o, qeyd edib.

Leyla Əliyeva elə həmin gün kitabxananın foyesində Azərbaycanın və Rusiyanın Əməkdar Rəssamı, Beynəlxalq Sülh Səfiri diplomuna layiq görülmüş Əşrəf Heybətovun “Bakı və bakılılar. 30 ildən sonra” adlı sərgisinin açıldığını da bildirib. Sərginin bir həftə fəaliyyət göstərəcəyini deyən Leyla Əliyeva moskvalıların çoxunun sərgiyə baxacaqlarına ümid etdiyini söyləyib.

Heydər Əliyev Fondunun vitse-prezidenti çıxışının sonunda tədbir iştirakçılarına bir daha təşəkkür edib, Azərbaycan Mədəniyyət Mərkəzinin kollektivinə müvəffəqiyyətlər və uğurlu iş arzulayıb.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını rəmzi və əlamətdar hadisə adlandırıb. Bu günlərdə Azərbaycanın öz müstəqilliyinin 20-ci ildönümünü qeyd etdiyinin xatırladan səfir ötən bu 20 ildə çox işlərin görüldüyünü, Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulayıb. P.Bülbüloğlu oktyabrın 10-11-də Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunun böyük əhəmiyyətini də qeyd edib. O, dünyanın hər yerindən bu foruma gəlmiş adlı-sanlı qonaqların, iştirakçıların qlobal problemləri müzakirə etdiklərini nəzərə çatdırıb.

“Biz çox fəxr edirik ki, Azərbaycan bu məşhur kitab məbədində özünü birinci olaraq xatırlatmışdır. Bu mərkəzin sayəsində təkcə Rusiyanın və Azərbaycanın sahəvi mütəxəssisləri arasında deyil, iki ölkənin mədəni ictimaiyyəti arasında əlaqələr inkişaf edəcəkdir”, - deyə diplomat bildirib.

Azərbaycanın Əməkdar rəssamı, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybətov onun sərgisinin təşkil edilməsinə görə Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib. O, üzərində Leyli və Məcnunun rəsmi şəkilmiş keramik vazanı kitabxanaya, Nizami Gəncəvinin şəkli toxunmuş Azərbaycan xalçasını isə mərkəzin özünə hədiyyə edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva da bu layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Fonduna və şəxsən Leyla Əliyevaya təşəkkürünü bildirib: “Olduqca əlamətdar haldır ki, mərkəzin açılışı və Azərbaycan rəssamının sərgisinin açılışı – hər iki layihə Heydər Əliyev Fondu tərəfindən məhz burada, dünya mədəniyyət ocağında həyata keçirilir. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etməsi onu göstərir ki, biz bu işdə marağı olan bütün tərəflərlə əməkdaşlıq etməyə və qarşılıqlı əlaqə saxlamağa hazırıq. Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması ideyasını ilk günlərdən səmimi dəstəklədiyinə görə kitabxananın rəhbərliyinə də dərin təşəkkürümü bildirirəm”.

Təntənəli mərasimdən sonra tədbir iştirakçıları rəssam Ə.Heybətovun sərgisi ilə tanış olub, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən təqdim edilmiş müasir texnika, Azərbaycan kitabları, suvenirlər və xalçalar ilə təchiz olunmuş mərkəzə baxıblar.

Açılış mərasimində Arzu Əliyeva, ABŞ, Fransa, Bolqarıstan, Niderland, Yaponiya, Latın Amerikası ölkələrinin mədəniyyət mərkəzlərinin, Avropa Şurasının informasiya ofisinin, gənclərin və Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndələri iştirak ediblər.