Leyla Əliyeva məşhur Qərb fotoqraflarının sərgisinə baş çəkib
09/10/2012

Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva oktyabrın 9-da “Moskva fotoqrafiya evi” muzeyində məşhur isveçrəli fotoqraf Robert Frankın sərgisinin açılışında iştirak edib.

Ekspozisiyada fotoqrafın yaradıcılıq yolunun bütün mərhələlərini özündə əks etdirən 120-dək foto nümayiş olunur. Sərgidə fotolarla yanaşı Robert Frankın əsas albomları da nümayiş etdirilir.

Leyla Əliyeva məşhur amerikalı fotoqraf Uicinin şəxsi sərgisi ilə də tanış olub.

Amerika və dünya fotoqrafiyasının ulduzu olan Uici (əsl adı Artur Felliq) fotoqraf karyerasına müxtəlif nəşrlər üçün ştatdankənar reportyorluq etməklə başlayıb və Nyu-Yorkda baş verən kriminal hadisələrin xronikasını lentə almaqla məşhurlaşıb.