Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – IDEA-nın (International Dialogue for Environmental Action) təsisçisi Leyla Əliyeva ABŞ-ın “Uşaqların Xərçəng və Qan Fondu”nun (CCBF) dəvəti ilə Nyu-Yorkda səfərdədir. Noyabrın 1-də Nyu-Yorkun “Plaza” mehmanxanasının ziyafət zalında keçirilən Fondun illik xeyriyyə toplantısında Leyla Əliyevaya uşaqlarla bağlı humanitar layihələrdə fəal iştirakına görə “Key to Life” – “Həyata Açar” fəxri mükafatı təqdim edilib.
CCBF-in sədri Lez Liberman qonağı təqdim edərək bildirib ki, Leyla Əliyeva sosial, gənclər, ətraf mühitin mühafizəsi və digər vacib məsələlərdə fəal olmaqla səylərini təkcə Azərbaycanda deyil, bütün dünyada kimsəsiz uşaqların həyat şəraitinin yaxşılaşdırmasına sərf edir: “Bununla yanaşı, o, həm də öz ölkəsində bir sıra mühüm təhsil və xeyriyyə layihələri həyata keçirən ən böyük və aparıcı qeyri-hökumət təşkilatının - Heydər Əliyev Fondunun vitse-prezidentidir. Leyla Əliyeva IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi, “Bakı” jurnalının təsisçisi və baş redaktorudur. O, indiyə qədər beynəlxalq münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə bir sıra mükafatlara layiq görülüb. Bu gün isə CCBF Leyla xanıma bütün dünyada ehtiyacı olan uşaqlara yardım etmək uğrunda yorulmaz fəaliyyətinə görə “Həyata Açar” mükafatını təqdim etməkdən fərəh hissi duyuruq”.
Fəxri mükafata görə minnətdarlığını bildirən Leyla Əliyeva dedi:
- Xanımlar və cənablar.
Mən burada olmağımdan böyük məmnunluq və bu mükafatı almaqdan şərəf hissi duyuram. Lakin, “Həyata Açar” fəxri mükafatını özümdən daha çox ölkəmdə yaşayan bütün gənclər adından qəbul edirəm. Azərbaycan gəncləri bu gün azadlıqda yaşayır və bu azadlığın məsuliyyətini başa düşürlər. Anlayırlar ki, bizim ən böyük məsuliyyətimiz biri-birimizin qeydinə qalmaqdır. Həyata qapı elə buradadır - sizin uzaqgörənliyinizdə, təcrübənizdə və ürəyiaçıqlığınızdadır. CCBF-in apardığı iş hamımızı ruhlandırır. Siz, təcrübənizi bölüşməyin əsl mənasını nümayiş etdirirsiniz, təkcə maliyyə yox, həm də məhəbbət, qayğı və ümidinizlə bölüşürsünüz. Dünən mən gematologiya-onkologiya şöbəsinə baş çəkərək sizin apardığınız böyük işlərin şahidi oldum. Bu iş bu xeyriyyə gecəsində iştirak edən hər bir şəxsin səyləri ilə dəstəklənir.
Mən özüm də öz ölkəmdə bir çox xəstəlik hallarının şahidi olmuşam. Mənim təmsil etdiyim təşkilat - Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, bütün dünyada bu xəstəliklərin qarşısının alınması üçün çalışır. Biz “Talassemiyasız Həyat” səhiyyə təşəbbüsümüzlə 2007-ci ildə bölgənin ən iri talassemiya mərkəzini açmışıq. Ən son texnologiyalarla təchiz olunan bu mərkəzdə xəstələr pulsuz müalicə alırlar. Mərkəz, həmçinin mütəmadi olaraq qan köçürmələri və ölkənin müxtəlif bölgələrində qanvermə kampaniyaları həyata keçirir, diabet xəstəliyindən əziyyət çəkən 14 yaşından az olan uşaqları pulsuz insulinlə və iynələrlə təchiz edir. Siz, həyatı sapdan asılı olan uşağı görəndə, həyatda nəyin vacib olduğunu anlayırsınız. Biz, bu həyatları xilas edə biliriksə, bundan vacib nə ola bilər? Sizin işiniz məhz belə həyatları xilas edir.
xxx
Qeyd edək ki, ABŞ-ın “Uşaqların Xərçəng və Qan Fondu” (CCBF) 1952-ci ildən başlayaraq pediatrik hematologiya və onkologiya sahəsinə davamlı yardımı vasitəsi ilə azyaşlılarda həyat üçün təhlükəli olan xroniki qan xəstəliklərinin müalicəsi işini dəstəkləyir və ABŞ-ın bu sahədə fəaliyyət göstərən ən iri xeyriyyə təşkilatlarından biridir. Hər il keçirilən xeyriyyə gecələri vasitəsi ilə CCBF 1,5 milyon ABŞ dolları toplayaraq pediatrik xərçəng və qan xəstəliklərinin müalicəsində aparıcı tibbi ocaqlardan biri olan Nyu-York Presbiterian Xəstəxanasında Uil Kornell Tibb Mərkəzində xəstələrin müalicəsini və uşaq xərçəngi və qan xəstəlikləri sahəsində elmi və kliniki tədqiqatların aparılmasını dəstəkləyib.
Leyla Əliyeva Nyu-Yorka səfəri çərçivəsində noyabrın 1-də, həmçinin ABŞ-ın Smitsonian İnstitutunda Folklor və Mədəni İrs Mərkəzinin kuratoru Ceyms Doytçla görüşüb. Tərəflər Heydər Əliyev Fondu və Smitsonian İnstitutu arasında əməkdaşlığın perspektivlərini müzakirə edib, Smitsonian mütəxəssislərinin Azərbaycanın mədəni irsi ilə yaxından tanış olmaları üçün ölkəmizə səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, dünyanın ən böyük muzey və tədqiqat kompleksi kimi tanınan ABŞ-ın Smitsonian İnstitutunun tərkibinə 19 muzey, bir zoopark, 9 mədəni tədqiqat mərkəzi, iki dövri nəşr daxildir. Hesablamalara görə, muzeylərin kolleksiyasında 136 milyon eksponat var.