Leyla Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində iştirak edib
04/10/2012

Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Bakı Beynəlxalq Humanitar Forumunun əsas məqsədi humanitar və inteqrativ impulsların yaradılması ilə yanaşı, gələcəkdə beynəlxalq səviyyədə humanitar çağırışları aktuallaşdırmaqdan ibarətdir. Forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün nəzəri və tətbiqi platforma yaratmaqdır.

Dövlət başçısı Forumun açılışında çıxış etdi.

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Prezident Vladimir Putinin təbrik məktubunu oxudu.

UNESCO Baş Konfransının prezidenti, Macarıstanın UNESCO yanında daimi nümayəndəsi xanım Katalin Boqyan çıxış etdi.

UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Forumun iştirakçılarına video müraciəti təqdim olundu.

Sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış etdi.

Daha sonra Azərbaycan haqqında film nümayiş olundu.

Açılış mərasimi başa çatdıqdan sonra Forumun iştirakçıları Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirdilər.

Tədbirin nəticəsi beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrılıqda hər bir şəxsə ünvanlanan tövsiyələr və müraciətlərdə təcəssüm olunur.

İkinci Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak edirlər. Onlardan 10 nəfəri sabiq dövlət başçısı, 11-i Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru (Emeritus professor), 10-u mötəbər beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxs, 55-i görkəmli ictimai və siyasi xadimdir.

İkigünlük Forum çərçivəsində qonaqlar üçün paytaxt Bakı və ölkənin regionları, Azərbaycan xalqının zəngin mədəni irsi və incəsənəti ilə tanış olmaq üçün geniş proqramlar təşkil olunacaq.