Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Bakı Kitab Mərkəzində tanınmış rusiyalı sənətşünas, Rusiya Dövlət Tretyakov Qalereyasının keçmiş baş direktoru Zelfira Trequlova ilə görüş keçirilib.
Gecədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Görüş çərçivəsində Zelfira Trequlovanın “Tretyakovkanın şah əsərləri. Şəxsi baxış” kitabının təqdimatı olub.
Tədbir başlamazdan əvvəl müəllif bu kitabın ərsəyə gəlməsində nədən ilham aldığından danışıb: “Tretyakov Qalereyasında saxlanılan rus və sovet rəssamlarının əsərləri bu kitabın yazılmasına ilham verib. Əslində, qəribə də olsa, pandemiya və çox məşhur simalar - aktyor Konstantin Xabenski və müğənni Sergey Şnurovla birlikdə çəkdiyimiz iki filmin çəkilişi buna təkan oldu. Bu filmlərə Tretyakov Qalereyasının XX əsrin ən sevimli sənətkarları haqqında danışdığım “Arzamas” təhsil resursunda çox ciddi podkastlar silsiləsi əlavə edildi. Bu sənətkarlar arasında mənim üçün çox böyük əhəmiyyət kəsb edən dahi sənətkar Tahir Salahov var. Buna görə də kitab onun yaratdığı Qara Qarayevin portreti və digər görkəmli rəssam Erik Bulatovun əsəri haqqında hekayə ilə başa çatır”.
Z.Trequlovanın sözlərinə görə, o, dərin şəxsi baxışını bölüşmək istəyib. “Mən, əlbəttə ki, sənətşünas və peşəkaram. Lakin mən bunu ən geniş auditoriyaya, əlbəttə ki, çox düşündüyüm bəzi sadə, aydın və əsas, lakin əlçatan şeyləri çatdırmaq istəyirdim. Bu kitab, mənə elə gəlir ki, insanı böyük sənətlə dialoq qurmaqdan çəkinməməyə və bu barədə düşünməyə başlamaqdan qorxmamağa sövq etməlidir”, - deyə o fikrini yekunlaşdırıb.
Əməkdar incəsənət xadimi Emin Məmmədov tədbiri açaraq, bir çox layihənin təşkilatçısı olan sənətşünas Zelfira Trequlovanın fəaliyyəti haqqında danışıb. “2015-ci ildə Zelfira xanım Venesiya Biennaledəki Azərbaycan Milli Pavilyonunda olub, burada Heydər Əliyev Fondu, Azərbaycan Milli İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyinin kolleksiyasından 1960-1980-ci illərin rəssamlarının əsərləri təqdim edilib. Həmin an sərgimizi görən Zelfira xanım bildirib: “Mən bu sərgini Tretyakov Qalereyasında keçirməliyəm”. 2016-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi “Abşeronun bürcü” adlı sərginin qalereyada açılışı olub. Bu sərgidən sonra “Abşeronun bürcü” Sankt-Peterburqda nümayiş olunub”.
Sonra söz kitabın müəllifi Zelfira Trequlovaya verildi. O, Rusiyadan kənarda ilk dəfə kitabının təqdimatının məhz Azərbaycanda, sevdiyi və məmnuniyyətlə gəldiyi Bakıda keçirilməsindən şad və xoşbəxt olduğunu xüsusi vurğulayıb. “Bu gün də istisna deyil. Bizi burada gözəl hava qarşılayıb. Moskva şaxtalarından sonra bu, taleyin hədiyyəsi idi. Sahil boyunca gəzinti, canlı və işıqlı şəhər, sadəcə, heyrətamizdir”, - deyə sənətşünas təəssüratlarını bölüşüb.
O, Leyla Əliyevaya və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
Daha sonra Zelfira Trequlova gecənin qonaqlarına “Tretyakovkanın şah əsərləri. Şəxsi baxış” kitabının yaradılması ideyasından danışıb.
Tədbirin sonunda kitabın müəllifi görüş iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, “Tretyakovkanın şah əsərləri. Şəxsi baxış” kitabında XIX və XX əsr Rusiya rəssamları İlya Repin, Mixail Vrubel, Kazimir Maleviç və başqalarının məşhur rəsmləri təsvir olunub. Müəllif dünya sənət tarixində hansı rəsmlərin ona nə üçün ən əhəmiyyətli göründüyü barədə bəhs edir.