Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Heydər Əliyev Mərkəzində qanalı rəssam Kojo Marfonun “Ümid sınağı” (“Crucible of hope”) adlı fərdi sərgisi açılıb.
Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Açılış mərasimdən əvvəl rəssam Kojo Marfo jurnalistlərə açıqlamasında sərginin möhtəşəm təşkil edildiyini deyib: “Buraya gəlməzdən əvvəl Azərbaycanla bağlı ünvanladığım suallarımda ancaq xoş sözlər eşitdim. Bakıya ilk gəlişimdir. Burada olmaqdan və sərgimi keçirməkdən çox məmnunam. İnsanları mədəniyyət yaxınlaşdırır. Mədəniyyət sahəsində bizləri birləşdirən bir çox xüsusiyyətlər var. İlk sərgimi keçirməzdən əvvəl kifayət qədər həyatımı düşündüm. Həyatıma bir çox simalar daxil oldu, məhz onlar mənim əsərlərimin özünü təşkil edirlər və onlar məni sərgi keçirməyə həvəsləndirdilər. Bu isə insana hər zaman ümid verir".
Açılış mərasimində çıxış edən sərginin kuratoru Jan-Davit Malat (Jean-David Malat) Bakıya səfərinin bu əsərləri digər insanlara sərgiləməklə yanaşı, həmçinin gözəl şəhərdən həzz almaq imkanı yaratdığını qeyd edib. O, Kojo Marfonun solo sərgisinin təşkil edilməsinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərova öz minnətdarlığını bildirib, bundan sonra da bu cür sərgilərin keçiriləcəyinə ümidvar olduğunu söyləyib.
Rəssam Kojo Marfo çıxışı zamanı bildirib ki, sərgi onun uşaqlıq illərində gördüklərinə ithaf olunub, hər bir əsərin ardında bir mesaj dayanıb və bu mesajlar əsərlərlə insanlar arasında olan bağlantını əks etdirir. K.Marfo qeyd edib ki, əsərlərin mövzusu insanlara xas olan, onların vacib bildiyi amallarla bağlıdır.
“Mənim üçün böyük şərəfdir ki, yaratdığım əsərləri belə gözəl, möhtəşəm binada sərgiləmək imkanı qazandım. Bunun üçün Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm", - deyə rəssam əlavə edib.
Sonra sərgiyə baxış olub.
Sərgidə rəssam Kojo Marfonun əlvan rəngləri ilə nəzərləri özünə cəlb edən, izləyicilərinə xoş, hətta bəzən bayram əhvali-ruhiyyəsi bəxş edən 20-dən çox əsəri nümayiş olunub.
Sərgilənən əsərlər qanalı rəssamın uşaqlıq xəyallarını müasir dünyanın reallığı ilə bir-birinə qarışdırır. Hər bir əsərində isə bir-birinə məharətlə bağlanan məna və emosiya qatları ziyarətçilərə Kojo Marfonu daha dərindən kəşf etmək imkanı qazandırır. Marfonun əsərləri cəmiyyət üçün güzgü funksiyasını daşıyır, dərin düşüncələrin yaranmasına ilham verir. Rəssamın fərqli zəkasını, yumor hissini və dərin müşahidə bacarığını nümayiş etdirən bu sərgi ziyarətçilərə Marfonun özünün hansı düşüncələrə malik olduğunu anlamağa fürsət yaradır.
Qeyd edək ki, Kojo Marfo Londonda yaşayan qanalı rəssamdır. O, uşaqlıqdan tanış olduğu Afrikanın ənənəvi Akan artefaktlarının, heykəllərinin təsiri altında rəssam kimi inkişaf edib. Çoxsaylı səyahətlər də Marfonun müxtəlif mədəniyyətlərlə tanışlığına və həmin mədəniyyətlərin yaradıcılığında əks edilməsinə səbəb olub. Marfonun yaradıcılığı ilə tanışlıq mədəniyyət dəhlizləri ilə səyahət etməyə bənzəyir.
Kojo Marfonun sənət əsərləri bundan əvvəl Amsterdam, Barselona, London, Nyu-York, Paris, Tokio və digər şəhərlərdə nümayiş etdirilib.