Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Aprelin 15-də Bakı Kitab Mərkəzində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hazırlanmış "Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı Azərbaycan dili üzrə Sertifikasiya imtahanı (ADSİ) üçün metodik vəsaitin təqdimatı keçirilib.
Təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə proqram haqqında məlumat verib. DİM sədri bildirib ki, imtahan vətəndaşların Azərbaycan dilini hansı səviyyədə bilməsini müəyyənləşdirməyə imkan verəcək. Hazırda elmi pedaqoji heyət arasında aparılan müzakirələrdən sonra imtahan keçiriləcək.
Tədris proqramının və test modelinin həmmüəllifi Səbinə Əliyeva, Dövlət İmtahan Mərkəzinin əməkdaşı Mehriban Cəfərsoy, “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” proqramının redaktoru Jalə Qəribova təqdim olunan vəsaitin faydalarından danışıblar.
Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva bildiriblər ki, bu kitab əcnəbilərin Azərbaycan dilini bilmə səviyyəsinin müəyyənləşdirilməsinə, dilimizin sevilməsinə, işgüzar dilə çevrilməsinə kömək göstərəcək.
Qeyd edək ki, Azərbaycan dilinin səviyyələr üzrə imtahanına hazırlaşanlar üçün nəşr edilən metodik vəsait Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə Azərbaycan Dillər Universitetinin əməkdaşları Səbinə Əliyeva, Hüzurə Ağayeva, Ramiqə Şirəliyeva və Fidan Ələsgərova tərəfindən dosent, filologiya üzrə fəlsəfə doktoru Jalə Qəribovanın redaktorluğu ilə hazırlanıb.
Metodik vəsait Azərbaycan dilinin səviyyələr üzrə imtahanına hazırlaşan və bu imtahanla maraqlanan şəxslər üçün nəzərdə tutulub. Vəsaitə imtahanla əlaqədar tərtib olunmuş proqram, tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilib. Metodik vəsaitdə istifadə olunmuş materiallar ölkəmizin aparıcı ali təhsil müəssisələrinin mütəxəssisləri tərəfindən nəzərdən keçirilib. Proqramda CEFR (The Common European Framework of Reference for Languages) normativləri Azərbaycan dili üzrə dil qaydalarına uyğunlaşdırılaraq ərsəyə gətirilib.