Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Oktyabrın 24-də Akademik Milli Dram Teatrında böyük Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin doğum gününə həsr olunan tədbir keçirilib, “İblis və...” tamaşası nümayiş olunub.
Tamaşadan əvvəl Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadənin Hüseyn Cavidə ithaf etdiyi qısa film nümayiş olunub.
Tamaşanın təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov iştirak ediblər.
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır.
Tamaşada Əməkdar artistlər Ayşad Məmmədov və Anar Heybətov (İblis), Elnar Qarayev (İblisin varisi-1), Elşən Cəbrayılov (İblisin varisi-2), aktyorlar Murad İsmayıl (Arif), Elsevər Rəhimov (Vasif), Əməkdar artist Vəfa Rzayeva (Rəna), aktyor Elçin Əfəndi (İbn Yəmin), Əməkdar artist Elşən Rüstəmov (Elxan), Xalq artisti Kazım Abdullayev (İxtiyar şeyx), aktyorlar Lalə Süleymanova (Xavər), Vüsal Mustafayev (Vasifin dostu), Elçin Nurəliyev (Çavuş, Haydut) və Tural İbrahimov (Kanuni, Haydut) iştirak edirlər.
Qərbdə də, Şərqdə də çox araşdırılan, diqqət çəkən iblis mövzusu Hüseyn Cavid yaradıcılığında Tanrı kоnsepsiyası ilə özünəməхsus çalarda həll edilib. Hüseyn Cavid insan, iblis, Tanrı kоnsepsiyasını özünəməхsus formada ortaya qoyur. Onun insan, iblis, Tanrı haqqındakı fikirləri yaradıcılığının böyük, daхili qüvvəsi və mahiyyətidir. Bu tamaşa Hüseyn Cavidin “İblis” əsəri əsasında dekonstruksiya da - “İblis” əsərinin motivləri əsasında “İblis və…” adlana bilər.
Dördpərdəli faciənin (dekonstruksiyada birhissəli metadram) təyinat xətti dəyişərək yalnız Tanrı-iblis və insan xətti üzərində köklənir. Təyinat iblisə, ondan doğan faktor isə insana yönəlir. Qısa desək, “İblis” pyesində ruhunu şeytana satan insanların aqibəti təsvir olunur. Bu isə iblisin qələbəsidir.
İlk baxışda dünyanın ədalətsizliyində boğulan, bir filosof baxışına sahib Arifin qaranlıq dünyasındakı şübhə toxumu, onun içindəki gizli şəhvət və sərvət istəyi, Şərq insanının narahat ruhu onu istədiyi və yaşadığı həyatın dilemmasında qoyur.
İçində boşluqlar olan insan iblisi cəlb edir və iblis yer üzündə sürgünə səbəb olan insanla mübarizədə Tanrıya haqlı olduğunu isbatlayır.
Qeyd edək ki, tamaşanın premyerası 3-4 sentyabr tarixlərində Sankt-Peterburqda – Aleksandrinski Teatrında keçirilib. Bu, Azərbaycan teatr tarixində Aleksandrinski Teatrında premyerası keçirilən ilk tamaşadır.