Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Noyabrın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA) təsisçisi Leyla Əliyeva Bakıdakı Talassemiya Mərkəzi ilə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, uşaqların sağlamlığının qorunması fəaliyyətinin prioritet istiqamətlərindən biri olan Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa olunmuş bu mərkəz həmin xəstəlikdən əziyyət çəkənlər və onların yaxınları üçün ümid yeridir.
Qeyd olunub ki, mərkəz gün ərzində 30-40 xəstə qəbul edir. Azərbaycanda min nəfərə yaxın talassemiyalı xəstə var. Onların 60 faizi bu səhiyyə ocağında daimi müalicə olunur. Beynəlxalq standartlara tam cavab verən mərkəzin laboratoriyasında qan qrupunu avtomatik təyin edən müasir aparat və digər zəruri avadanlıq quraşdırılıb. Burada donorlardan götürülən qan dərhal müayinə olunur.
Leyla Əliyeva mərkəzin transfuziya zalına, 12 otaqdan ibarət klinikaya, manipulyasiya otaqlarına və laboratoriyaya baxıb. Qeyd olunub ki, transfuziya zalında xəstələrə qanköçürmə əməliyyatı aparılır. Leyla Əliyeva burada müalicə alan uşaqların səhhəti ilə maraqlanıb.
Sonra Leyla Əliyeva reanimasiya palatası, molekulyar diaqnostika laboratoriyası, sterilləşdirmə mərkəzi ilə tanış olub. Bildirilib ki, burada regionda ilk dəfə olaraq sümük iliyinin köçürülməsi üçün əməliyyat otağı yaradılıb və bu prosesin tətbiqi istiqamətində geniş iş aparılır. Mərkəzdə xəstələrin müayinəsi üçün xüsusi poliklinika da fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun vitse-prezidenti mərkəzin konfrans zalında respublikada talassemiyadan əziyyət çəkən xəstələrin statistik göstəricilərindən bəhs edən videoçarxa baxıb. Səhiyyə naziri məlumat verib ki, ölkədə “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”ndan irəli gələn tədbirlər həyata keçirilir. Bu gün dövlət büdcəsində həmin proqrama ayrılan vəsait 16,3 milyon manat təşkil edir. Nazir qeyd edib ki, bundan əvvəl də bu xəstəliklə bağlı 5 illik proqram icra edilib. Bu Proqramların həyata keçirilməsi ilə talassemiya və hemofiliya kimi bəladan əziyyət çəkən xəstələr arasında ölüm halları demək olar ki, sıfıra enib.
Leyla Əliyeva mərkəzin yeməkxanasına da baş çəkib, xəstələrin qida rasionu ilə tanış olub.
Mərkəzdə müalicə olunan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.