Leyla Əliyeva Moskvada Azərbaycanın dövlət müstəqilliyini bərpasının 20-ci ildönümü ilə bağlı tədbirdə iştirak edib
05/12/2011

Dekabrın 5-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Universitetin Asiya və Afrika Ölkələrini Öyrənən İnstitutun dəyirmi zalında keçirilən tədbirdə əvvəlcə Rusiyadan olan tələbələr Azərbaycan dilində tanınmış şairlərimizin şeirlərini söyləyiblər.

Sonra ali təhsil müəssisəsinin tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından səhnələr göstəriblər. Moskvanın Dərviş teatrının bədii rəhbəri və baş rejissoru, Azərbaycanın Əməkdar Artisti Mərdan Feyzullayevin hazırladığı səhnələr böyük maraqla qarşılanıb.

Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rusiyalı tələbələrin “Arşın mal alan” musiqili komediyasından səhnələri Azərbaycan dilində ifa etmələrinin çox önəmli hadisə olduğunu bildirib. Səfir bu nüfuzlu ali təhsil ocağında Azərbaycan mədəniyyətinin tərənnümünü müstəqilliyimizin 20 illiyinə böyük hədiyyə kimi qiymətləndirib.

Universitetin Qafqaz ölkələri kafedrasının müdiri Jbekla Sızdıkova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tədbirdə iştirakını xüsusi vurğulayıb, tədbirin əhəmiyyətini qeyd edib.

Tədbirdən sonra Leyla Əliyeva Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələrini Öyrənən İnstitutunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş Azərbaycan dili və ədəbiyyatı mərkəzi ilə tanış olub. Məlumat verilib ki, mərkəzdə Azərbaycan dili, mədəniyyəti və incəsənətini təbliğ edən müxtəlif dərsliklər və digər vəsaitlər var.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü ilə bağlı növbəti tədbirin Rusiyanın ən nüfuzlu universitetində keçirilməsi mədəniyyətimizin daha bir uğuru kimi səciyyələndirilib.