Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi Moskvada yad edilib. Tədbirin əvvəlində Azərbaycanın Rusiyadakı səfirliyində Heydər Əliyevin büstü önünə çiçəklər qoyulub. Sonra xatirə gecəsi Heydər Əliyev Fondunun köməyi ilə bu yaxınlarda Rusiya paytaxtında açılmış Azərbaycan Mədəniyyəti Mərkəzində davam etdirilib.
Ümummilli liderin həyat və fəaliyyətinin əsas mərhələlərini əks edən videoçarx nümayiş etdirilib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyevin özünün dolğun və parlaq həyatını bütünlüklə xalqına, Vətənə və dövlətə xidmətə həsr etdiyini bildirib: “Azərbaycan xalqı öz görkəmli liderinin müqəddəs xatirəsini həmişə hörmətlə yad edəcəkdir. Bu gün azərbaycanlılar yaşayan hər yerdə Heydər Əliyevin xatirə günü qeyd edilir”.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya bölməsinin rəhbəri Leyla Əliyeva xatirə gecəsində çıxış edib. O dekabrın 12-nin ağır gün olduğunu, həmin gün böyük insan, dahi siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dünyasını dəyişdiyini xatırladıb: “Bu gün bütün Azərbaycan xalqı üçün ağır gündür. Mən 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının necə ağrılı hisslər keçirdiyini görmüşəm. Bu ağrı hər bir ailədə, hər bir evdə duyulurdu. Bu itkinin ağrısı dünyada bütün azərbaycanlıların qəlbində həmişəlik qalacaqdır. Axı Heydər Əliyev təkcə parçalanmaqdan, hərc-mərclikdən və vətəndaş müharibəsindən xilas etdiyi ölkənin Prezidenti deyildi. O, böyük siyasətçi idi, bütün dünyada onu tanıyır və onunla hesablaşırdılar. O, dahi insan, öz ölkəsinin ümummilli lideri idi və dünyasını dəyişəndən sonra da ümummilli lider kimi qalmışdır”.
Leyla Əliyeva artıq səkkiz ildir Heydər Əliyevin aramızda olmadığını, lakin onun sözün hər mənasında sağ olduğunu deyib: “O, çiçəklənən Azərbaycanda, gözəlləşən Bakı şəhərində, tikilməkdə olan yeni yollarda, binalarda, idman komplekslərində, aeroportlarda, məktəblərdə, muzeylərdə, teatrlarda... yaşayır. O, yaşayır və Bakının dünyada ən gözəl şəhərlərdən birinə çevrildiyini görür. O, adını daşıyan Heydər Əliyev Fondunun mədəniyyət, elm, təhsil, səhiyyə, ekologiya və xeyriyyəçilik sahələrində gördüyü bütün nəcib işlərdə yaşayır. Heydər Əliyev Fondu fəaliyyətdə olduğu qısa müddətdə əhalinin demək olar ki, bütün təbəqələrinin dəstəyini və etimadını qazana bilmişdir. Buna görə də Heydər Əliyev yaşayır və öz xalqı üçün, dünyada hər şeydən çox sevdiyi ölkəsi üçün xeyirxah işlər görməkdə davam edir”.
Leyla Əliyeva tədbir iştirakçılarına Heydər Əliyevin xatirəsini əziz tutduqlarına görə təşəkkürünü bildirib. O, lap yaxın vaxtlarda Moskvada açılmış, mövcud olduğu qısa müddətdə artıq çox işlər görmüş Azərbaycan Mədəniyyət Mərkəzində bu tədbirin keçirilməsini rəmzi hadisə adlandırıb: “Əminəm ki, bu mərkəz inkişaf edəcək və daha yaxşı olacaqdır. Axı Heydər Əliyev həmişə yalnız ən yaxşı olanlara inanırdı”.
Milli Məclisin deputatı, tanınmış publisist, Heydər Əliyev haqqında silsilə kitabların müəllifi Elmira Axundova Heydər Əliyevin istər sovet dövründə, istərsə də müstəqil Azərbaycanın Prezidenti olduğu vaxtda xarici siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. O bildirib ki, SSRİ-də mühüm dövlət vəzifəsi tutan Heydər Əliyev Kremlin Şərq siyasətini, müstəqillik dövründə isə suveren Azərbaycanın çoxvektorlu xarici siyasətini yürüdən şəxs olub, dünyanın bir sıra məşhur liderləri və tədqiqatçıları onun diplomatiya sahəsində zəngin təcrübəyə və biliyə malik olduğunu vurğulayıblar. E.Axundova özünün “Şəxsiyyət və zaman” dördcildliyini, habelə “Həqiqət anları” və “Poliqrafçının qətli” kitablarını Azərbaycan Mədəniyyət Mərkəzinə hədiyyə edib.
MDBMİ-nin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Stanislav Çernyavski Heydər Əliyev şəxsiyyətinin müxtəlif cəhətləri haqqında danışıb: “Azərbaycanda işləmiş bir diplomat kimi mənim üçün onun nitqlərini dinləmək həmişə maraqlı və xoş idi. O, ölkənin daxili siyasi həyatında qüvvələrin tarazlığını məharətlə saxlamağı bacarırdı. Heydər Əliyevin işləri, icrasına özünün nəzarət etdiyi tapşırıqlar Azərbaycanın simasını günbəgün dəyişirdi. Heydər Əliyev dünyanın bütün güclü şəxsiyyətləri ilə qarşılıqlı anlaşmaya nail ola bilirdi. Bu, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasına imkan vermişdir. Sevindirici haldır ki, bu gün Azərbaycan əsası Heydər Əliyev tərəfindən qoyulmuş yol ilə inamla addımlayır. Onun fəaliyyət xəttini ölkənin indiki Prezidenti İlham Əliyev davam etdirir. Heydər Əliyev Fondu da Heydər Əliyevin işlərinin davam etdirilməsinə böyük töhfə verir”.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) baş katibi Mikayıl Hüseynov xaricdəki Azərbaycan diasporunun sıx birləşməsinə Heydər Əliyevin töhfəsi, Azərbaycan haqqında həqiqətin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv informasiyanın dünya ictimaiyyətinə çatdırılması işində bu amilin vacibliyi haqqında söhbət açıb. O, Heydər Əliyev tərəfindən 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsinin çox böyük əhəmiyyəti olduğunu vurğulayıb. M.Hüseynov ÜAK-ın Rusiya regionlarındakı bölmələrinin çoxunda ümummilli liderin xatirə gününün qeyd edildiyini diqqətə çatdırıb.
Tədbirdə Türkiyə Cümhuriyyətinin Rusiya Federasiyasındakı səfiri Aydın Sezgin, Azərbaycan və Rusiya ictimaiyyətinin nümayəndələri, Moskva ali məktəblərinin azərbaycanlı tələbələri, gənclər iştirak ediblər.